Bakı, 4 dekabr 2021-ci il - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Avropa Mobillik Həftəsinə həsr olunmuş tədbir keçirib. Abşeron Milli Markında təşkil edilmiş tədbirin əsas məqsədi ekoloji cəhətdən təmiz nəqliyyatın təbliği vasitəsilə ölkənin istixana qazları ilə mübarizə tədbirlərini dəstəkləmək olub.
“İqlim dəyişmələrinin təsirinin azaldılması təkcə hökumətlərdən və ya özəl sektordan deyil, hər bir vətəndaşdan, hər bir fərddən, hər birimizdən asılıdır. Vərdişlərimizi və həyat tərzimizi dəyişdirərək prosesə töhfə verə bilərik. Nəqliyyatda istixana qazları tullantılarının payını nəzərə alaraq, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə etmək vacibdir,” – Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
"Bu gün Abşeron Milli Parkında keçirilən velosiped dayanacağı açılışı ağıllı, dayanıqlı və emissiyasız nəqliyyat haqqında ictimaiyyətdə məlumatlılığın yaradılmasına yönəldilmiş simvolik addımdır. Əminəm ki, yaşıl mobillik kimi təşəbbüslərin mənimsənilməsi Azərbaycanda çox sürətlə yayılacaq. Avropa İttifaqı bu sahədə gələcək əməkdaşlığa hazırdır, " – Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasət, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Zoltan Szalai qeyd edib
“Dayanıqlı nəqliyyatı inkişaf etdirmək və 2030-cu ilə doğru irəliləyişi sürətləndirmək üçün innovasiyanın gücündən istifadə etməliyik. Bu gün şəhərlərimizi və onların böyüməsini necə idarə etməyimiz aşağı və ya sıfır emissiyalı nəqliyyata keçməyə kömək edə bilər. BMTİP dayanıqlı inkişaf naminə dayanıqlı nəqliyyatın istifadəsinə təkan vermək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır, ” – BMTİP-nin Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista deyib.
Tədbir zamanı üstüörtülü velosiped dayanacağı, eləcə də 20 velosiped, dəbilqələr və velosiped kilidləri təqdim olunub. Abşeron Milli Parkının gəzməli yerlərini, velosiped marşrutlarını və velosiped dayanacaqlarını əks etdirən yenilənmiş xəritə də tədbir zamanı nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları, dövlət və diplomatik missiyaların rəsmilərinin iştirakı ilə həvəskar velosiped yarışı keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Müdafiə naziri Mədət Quliyev, Belçikanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli, Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Hristov Yankov, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, həmçinin İraq Respublikasının Azərbaycanfakı Səfirliyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev.
Sözügedən tədbir BMT-nin İnkişaf Proqramının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi və Avropa İttifaqının maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim
fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan EUforClimate regional təşəbbüsünün bir hissəsi olaraq təşkil olunub.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.