BMTİP ictimai siyasət tədqiqatçıları üçün yeni bələdçi kitabçasını təqdim edir
2 November 2023
Bakı, 02 noyabr 2023-cü il – BMT-nin İnkişaf Proqramı ictimai siyasət araşdırmaçılarının istifadəsi üçün yeni bələdçi kitabçası hazırlayıb.
Kitabça Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib. Kitabça ictimai (dövlət) siyasət anlayışını izah edir, siyasətin hazırlanması prosesinin mərhələləri və burada vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı haqda ətraflı məlumat verir. Kitabçada, həmçinin siyasətlərin qəbulunda tövsiyə sənədlərinin rolu və onların hazırlanması mövzularına toxunulur, praktiki nümunələr təqdim edilir.
Bələdçi kitabçası layihə tərəfindən təşkil edilən ictimai siyasətlər və siyasət təhlili təlimləri əsasında hazırlanıb. Məqsəd vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqlı inkişafa yönəlik siyasətlərin hazırlanması prosesində iştirakını artırmağa dəstək olmaqdır.
Təqdim edilən resurs sahə üzrə tələbə, müəllim və digər tədqiqatçı şəxslərin istifadəsi üçün uyğundur.
Sözügedən kitabçanı yükləmək üçün: LİNK
***
Bu resurslar, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən hazırlanıb.
Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlıq və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.