ABŞ İnkişaf Agentliyi, BMTİP və Azərbaycan Hökuməti Zaqatalada qadınlar və gənclərin məşğulluq və sahibkarlıq imkanlarının artırılmasına dəstək verir

12 June 2019

Şəkil: BMTİP Azərbaycan, Elmar Mustafayev. USAİD Agentliyinin maliyyə dəstəyi ilə dərzi sexi açan Rəşadə Əsədova Masallıda iş başındadır.

Bakı, 12 iyun 2019-cu il – Bu gün Azərbaycanda iqtisadi tərəqqinin yeni iş imkanları yaratdığı bir dövrdə qadınların və gənclərin səlahiyyətlərinin artırılması ölkənin mühüm inkişaf prioritetləri sırasındadır. Azərbaycanın bölgələrində xüsusilə bu potensialı görərək, bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatala rayonunda qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədi ilə iki yeni mərkəz açıldı. BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Hökümətinin birgə əməyi sayəsində təməli qoyulan Zaqatala Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzi (Syslab) Zaqatala və ümumilikdə Azərbaycanın şimal-qərb bölgəsində əhalinin daha həssas qrupları olan qadınlar və gənclərin iqtisadi imkanları və maliyyə bacarıqlarının artırılması üçün aparıcı məkan olacaq.

Zaqatalada yeni fəaliyyətə başlayan Qadın Resurs Mərkəzi və Syslab USAID, BMTİP, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında uzunmüddətli tərəfdaşlığın bir hissəsidir. Hər iki mərkəz 2015-ci ildən bəri USAID-in maliyyələşdirdiyi və BMTİP-nin qismən maliyyələşdirdiyi və artıq 5 ildir ki fəaliyyətdə olan Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsi çərçivəsində yaradılıb. Bu layihə Azərbaycanın müxtəlif bölgələrində qadınlara və gənclərə iqtisadi dəstək göstərən bir neçə mərkəzin yaranmasına səbəb olub. Belə ki, bu günə kimi Masallıda Qadın Resurs Mərkəzi, habelə Masallı və Gəncədə Gənclərin Məşğulluq və Təlim Mərkəzləri fəaliyyət göstərir.

Zaqatalada Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzinin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Xanım Hicran Hüseynova, Amerika Birləşmiş Ştatlarının səfiri Zati-aliləri cənab Li Litzenberger, Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi yananda Dövlət Məşğulluq Xidmətinin rəisi  cənab Fuad Musayev, BMTİP-in Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti iştirak ediblər.

Cənab Li Litzenberger mərkəzdə toplaşan qadınlar və gənclərə müraciət edərək bildirmişdir: “Mən Zaqatala Qadın Resurs Mərkəzi və Syslab Gənclərin Məşğulluq Mərkəzinin açılışında iştirak etməkdən və bu mərkəzlərin ilk məzunları olan qadın sahibkarlar və gənclərin nailiyyətlərini qeyd etmək üçün bu gün burada olmaqdan məmnunluq duyuram. ABŞ hökuməti bu və bu kimi layihələrə və sizin kimi gənclərə və qadınlara ona görə sərmayə qoyur ki, sizin hər biriniz bizim gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edirsiniz.”

BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Fracassetti iki yeni mərkəzin açılışında çıxış edərək, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin uğurla həyata keçirilməsi üçün qadınların və gənclərin səlahiyyətlərinin gücləndirilməsinin vacib element olduğunu qeyd etdi. "Bu illər ərzində bu layihə qadın və gənclərin mənalı və səmərəli sosial və iqtisadi fəaliyyətlərlə məşğul olması üçün geniş imkanlara malik olduğu bir mühitin yaradılmasına kömək etmişdir" deyə cənab Frakassetti bildirib.

Yeni təsis olmağına baxmayaraq Zaqatalada fəaliyyətə başlayan Qadın Resurs Mərkəzi artıq 10 nəfər qadına öz bizneslərini yaratmaqda köməklik edib ki, bu qadınlar da öz növbəsində digər işsiz olan qadınlara yeni yaranan biznes təşəbbüslərində iş imkanları təklif ediblər.

Yüzlərlə qadın və qız artıq Zaqatalada təqdim olunan müxtəlif təlim proqramlarından və biznes imkanlarının artırılmasına yönələn tədbirlərdən faydalanıb. Layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən maarifləndirici kurslar keçirilib. Bunlardan gender məsələlərinə həssas proqram inkişafı və icmalarla işin qurulması prinsipləri, maliyyə savadlılığı, maliyyə idarəçiliyi və ailə büdcəsinin planlaşdırılması, fandreyzinq və biznes təkliflərinin yazılması, kompüter biliklər, tərcümei-halın yazılması, mühasibat-uçot və digər mövzuları qeyd etmək olar.

Bu günə qədər Zaqatalada qadınların iqtisadi və sosial hüquqları və gender bərabərliyinə dair keçirilən müxtəlif məlumatlandırma kampaniyalarına 160-dan çox qadın qoşulub ki,  onların hər biri hal-hazırda Zaqatala Qadın Resurs Mərkəzinin fəal üzvləridir.

Syslab mərkəzlərinə gəldikdə isə, Gəncə, Masallı və Zaqatalada fəaliyyət göstərən bu mərkəzlər təkcə bu il 300-dən çox gəncə peşəkar bilik və təcrübələri artırmaq məqsədi ilə silsilə təlimlər təşkil edib. Gənclərin 66 faizini qadınlar təşkil edib.

Hal-hazırda BMT-nin İnkişaf Proqramının ümumi hesabla ölkənin 9 bölgəsi üzrə qadınların və gənclərin iqtisadi imkanlarını artırmağa kömək edən mərkəzləri fəaliyyət göstərir. Səkkiz Qadın Resurs Mərkəzi və üç Syslab  mərkəzi qadınlar və gənclər üçün yeni bir gələcək cızır və bu mühüm missiyada Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edərək USAID, Avropa Birliyi, İsveçrə və Avstriya Hökumətləri, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu və Coca Cola Fondunun maliyyə dəstəyinə arxalanır.

***

Əlavə məlumat üçün , BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlayın - arzu.jafarli@undp.org