Bakı, 14 iyul 2021-ci il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Qəbələ, Quba, Saatlı, Bakı, Gəncə və Şəkidə yerləşən bir sıra peşə təhsili mərkəzlərində özəl sektor nümayəndələri ilə dəyirmi masaların təşkilinə start verib.
Dəyirmi masaların keçirilməsində məqsəd ölkədəki özəl sektor şirkətləri ilə əlaqələri gücləndirmək və onları peşə təhsili sahəsində gedən proseslərə yaxından cəlb etməkdir.
İlk iki tədbir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Quba Peşə Liseyi ilə birgə təşkil edilib. Tədbirlərə kənd təsərrüfatı, otel menecmenti və qonaqpərvərlik, qida istehsalı, suvarma sistemləri üzrə ixtisaslaşmış 35 şirkətin nümayəndəsi, peşə təhsili və təlimi (PTT) üzrə mütəxəssislər, o cümlədən mövzu ilə əlaqədar tədqiqat qrupu cəlb olunub.
İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində hazırda gedən fəaliyyətlər barədə ətraflı məlumat alıblar, habelə məzunlar üçün iş əsaslı öyrənmə və təcrübə proqramları, karyera mərkəzlərinin yaradılması, eləcə də PTT mərkəzləri ilə digər mümkün tərəfdaşlıq perspektivləri daxil olmaqla çoxsaylı əməkdaşlıq imkanları haqda müzakirələr aparıblar.
Sözügedən tədbirlər çərçivəsində özəl sektor nümayəndələri ilə fokus qruplar təşkil edilib. Nümayəndələr mövcud bazarın vəziyyəti haqda fikirlərini paylaşıb və PTT sektorunun formalaşmasında özəl sektorun fəal rol oynaması üçün şirkətlərin tələb və gözləntilərini qeyd ediblər.
Qeyd edilməlidir ki, tədbir zamanı özəl sektorun peşə təhsil sahəsi ilə bağlı münasibətini öyrənmək üçün müfəssəl sorğu paylaşılıb. Sorğunun nəticələri özəl sektor şirkətlərinin peşə təhsili sahəsinə birbaşa cəlbini artırmaq məqsədilə gələcək layihə fəaliyyətlərini planlaşdırmaq üçün istifadə ediləcək.
Dəyirmi masa tədbirləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihə, səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd, peşə təhsilinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməkdir.
Sözügedən silsilə görüşlər bu ayın sonuna qədər davam edəcək.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi, leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.