Avropa İttifaqı və BMTİP Azərbaycanda sosial sahibkarlıq üzrə siyasətlərin müzakirəsini davam etdirir

8 April 2022

Foto: BMTİP Azərbaycan

Bakı, 8 aprel 2022-ci il –  Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq istiqamətində siyasətlər üzrə müzakirələrin aparılmasına davam edir.

Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Sosial sahibkarlıq siyasətləri – Uğurlu nümunələr və çətinliklər” mövzusu müzakirə edilib. Vebinarlar layihənin sosial sahibkarlıq ekosistemi ilə bağlı siyasət müzakirələri silsiləsi çərçivəsində həyata keçirilib. Vebinarlar sosial sahibkarlar, ekspertlər, vətəndaş cəmiyyəti təşkilatları, hökumət nümayəndələri və ekosistemin digər əlaqədar tərəfləri daxil olmaqla 50-yə yaxın şəxsi bir araya gətirib.

Vebinarlarda müxtəlif sahələr üzrə çalışan bir sıra sosial sahibkarlar iştirak edib. Tədbirlərə qoşulan sahibkarlar kənd qadınları və əlilliyi olan insanların məşğulluğu, yaşlılara, valideyn himayəsindən məhrum olmuş uşaqlara və həyat yoldaşını itirmiş qadınlara dəstək göstərilməsi, təhsil, aqroturizm, ekoloji xidmətlər və sosial məqsədlər üçün vəsait toplanılması kimi müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərirlər. İştirakçılar sosial müəssisələrin ölkənin ümumi inkişafındakı rolunu və onların ölkə iqtisadiyyatına və mədəniyyətinə, həmçinin ətraf mühitə verə biləcəyi dəyərləri araşdırıblar. İştirakçılar uğurlu sosial bizneslərin hekayələrini bölüşüb, qarşılaşdıqları çətinlikləri səsləndirib, həmçinin Azərbaycanda ekosistemin inkişafı üçün əsas imkanları müəyyənləşdiriblər.

Seminarların növbəti hissəsi aprel ayının ortası keçiriləcək və nəzərdə tutulan seminarlar sosial sahibkarlıq üzrə mövcud problemlərə həll yollarının yaradılması və siyasət dəyişiklikləri vasitəsilə, o cümlədən digər üsullarla sosial biznesin inkişafı üçün imkanların artırılmasına yönələcək.

***

Qeyd edilməlidir ki, Aİ-nin maliyyələşdirdiyi bu layihə BMTİP tərəfindən həyata keçirilir. Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlıq mədəniyyətinin və innovativ həll yollarının təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.