Bakı, 20 avqust 2020-ci il - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Ezgil Medical Technologies” şirkətinin tərəfdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə milli texnoloji start-up məhsulu olan “Video Doktor” distant həkim qəbulu üzrə mobil tətbiq hazırlanaraq istifadəyə verildi.
“Video Doktor” mobil tətbiqi COVID-19 pandemiyası dövründə tibb işçiləri və pasiyentlərin sağlamlığının mühafizəsi üçün yaxın təmasların azaldılması, eyni zamanda vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardımla təmin olunması, xroniki xəstəliklərdən əziyyət çəkən və hazırda tibb müəssisələrinə gəlməkdə çətinliyi olan pasiyentlərin diqqətdən kənar qalmaması məqsədi ilə hazırlanıb.
Evdə müalicə alan COVID-19 pasiyentlərinin müşahidəsi və müvafiq qayğı ilə əhatə olunması üçün Bakı şəhərinin poliklinikalarında uğurlu sınaqlardan keçmiş mobil əlavənin digər dövlət və özəl tibb müəssisələrində, habelə fərdi həkimlər tərəfindən geniş tətbiqi pandemiya dövründə təmasların, həmçinin, tibb işçilərinin və yüksək risk qrupuna aid xroniki xəstəlikləri olan pasiyentlərin COVID-19-a yoluxması riskinin azaldılmasında əhəmiyyətli rol oynayacaq.
Eyni zamanda, “Video Doktor” mobil tətbiqi səhiyyə sektorunda tibbi xidmətlərin əlçatanlığına kömək edəcək, xüsusilə də ucqar kəndlər və qəsəbələrdə yaşayan vətəndaşların səhiyyə xidmətlərinə çıxışını asanlaşdıracaq.
Azərbaycanda əhalinin artıq istifadəsinə verilən “Video Doktor” mobil tətbiqini Android və iOS cihazlarına müvafiq olaraq Google Play Market və App Store-dan yükləmək mümkündür.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.