BMT-nin İnkişaf Proqramı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə “Missiya 1.5” kampaniyasına başlayır

14 February 2020

Mission 1.5, 2020

Bakı, 14 fevral 2020-ci il – Bu gün, “Missiya 1.5” kampaniyasının başlanması münasibətilə, məşhurlar və gənc fəallar BMT rəsmiləri, hökumətlər və vətəndaş cəmiyyəti ilə bir araya gəlib. Bu kampaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qoyulmuş yüksək hədəflərlə bağlı hökumətlərlə vətəndaşlar arasında olan kommunikasiya boşluğunu aradan qaldırmaq məqsədini daşıyır.

“Missiya 1.5” kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün hansı tədbirlərin görülməli olduğuna dair öz mövqelərini hökumət rəhbərlərinə bildirməsi üçün imkan yaradır. BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərlik etdiyi kampaniya dünyanın hər yerində vətəndaşlarla hökumətlər arasındakı kommunikasiya çatışmazlığının aradan qaldırılmasına yönəlib. Bu çatışmazlıq dünyanın müxtəlif yerlərində vətəndaşlar tərəfindən ictimai rəyin məktəb tətilləri, kütləvi etiraz kimi kəskin formalarda ifadə olunmasına gətirib çıxarıb.

Kampaniya, BMTİP və oyun hazırlanması, iqlimşünaslıq və ictimai sorğuların keçirilməsi üzrə ekspertlərlə birgə hazırlanmış internet və mobil əsaslı video oyun üzərində qurulub. Bu oyunda oyunçular iqlim siyasətləri üzrə məsul şəxslərin vəzifələrini icra edir və qlobal istiləşməni 1.5°C aşağı temperaturda saxlamaq məqsədilə qərarlar verirlər.

Oyundan sonra, oyunçulardan iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülməsini istədikləri əsas tədbirlərlə bağlı səs vermələri xahiş olunur. Bu məlumatlar təhlil edilir və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ictimai rəylə bağlı etibarlı məlumatlara çıxışı olmayan hökumətlərə təqdim edilir.

Bundan əvvəl iqlim dəyişikliyi ilə bağlı ən böyük beynəlxalq ictimai rəy sorğusu 76 ölkədə 10 min nəfəri əhatə edib və 2015-ci ildə Parisdə keçirilən iqlim dəyişikləri ilə bağlı danışıqlardan öncə həyata keçirilib.

“Mission 1.5” oyununa www.mission1point5.org saytından daxil olmaq və dünyanın istənilən nöqtəsindən oynamaq mümkündür.

BMTİP-in rəhbəri Akim Ştayner bildirib: “Bu kampaniya vasitəsilə biz, özəl və dövlət sektorundan olan tərəfdaşlarla birlikdə, milyonlarla insanı öz hökumətləri ilə iqlim böhranının həlli yolları barədə ikitərəfli innovativ müzakirələrdə bir araya gətirmək və bu il Qlazqoda keçiriləcək “COP26” iqlim danışıqları ərəfəsində hədəfləri yüksəltmək imkanı əldə edirik.”

BMTİP, iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin yumşaldılması üzrə düşünülmüş siyasətlərin qəbulu, enerjidən səmərəli istifadənin təşviqi, CO2 tullantılarının azaldılması və iqlim dəyişikliyinin səbəb olduğu ekstremal meteoroloji hadisələrə hazırlıq istiqamətində Azərbaycan Hökuməti və milli tərəfdaşlarla 20 ildən artıqdır ki, yaxından əməkdaşlıq edir.

Azərbaycanda BMTİP Hökumətin Paris Sazişinə uyğun olaraq, 2030-cu ilədək istixana effekti yaradan qazların tullantılarını 35% azaltmaqla bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək göstərir. Buna nail olmaq üçün enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar kimi alternativ vasitələrə dəstəyin artırılması çox vacibdir, çünki bu alternativ vasitələr öz növbəsində minlərlə yeni “yaşıl” iş yerinin açılmasına imkan verərək, iqtisadiyyatın şaxələndirilməsinə kömək edə bilər,” – deyə BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

“Missiya 1.5” haqqında 

“Missiya 1.5” BMTİP və onun tərəfdaşları tərəfindən hazırlanmış onlayn platforma olub, insanları iqlim dəyişikliyi ilə mübarizə tədbirləri barədə maarifləndirir və onları hökumətlər həmçinin də siyasətlər üzrə məsul şəxslərlə əlaqələndirir. Kampaniyanın “Missiya 1.5” adlandırılması onunla bağlıdır ki, biz qlobal temperatur artımının 1.5°C keçməməsini təmin etmək üçün məhz indi hərəkətə keçməliyik.

Daha ətraflı məlumat üçün: 

Kampaniya ilə bağlı müntəzəm son məlumatlar üçün BMTİP-in sosial mediadakı səhifələrini izləyin:  

BMTİP haqqında: 

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq, güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.

Media üçün əlaqə vasitələri:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org