BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayner Azərbaycana rəsmi səfər edib

15 March 2024

Bakı, 15 mart 2024-cü il. BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayner Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ev sahibliyi ilə keçirilən XI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edib. Forumda iştirak edən cənab Ştayner COP29 Konfransı üçün müəyyən edilən hədəflərə həsr edilmiş panel müzakirəlrinə qatılıb. BMTİP-nin Administratoru öz çıxışında COP29 Konfransının önəmini, habelə davamlı iqlim və dayanıqlı inkişaf fəaliyyətinə doğru gedən bir yol olan çoxtərəfli prosesin həyati əhəmiyyətini vurğulayıb. O,  COP29-un müəyyən edilmiş əsas məqsədləri, o cümlədən İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) və onun COP30-a doğru gedən yolda, habelə daha böyük iqlim nailiyyəti baxımından önəmini qeyd edib. Cənab Ştayner BMTİP-nin COP Konfransı üzrə təcrübəsindən bəhs edərək başçılıq etdiyi qurumun COP29 rəhbərliyi ilə sıx işləmək öhdəliyini öz üzərinə götürdüyünü sözlərinə əlavə edib. 

Səfər çərçivəsində cənab Ştayner Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev ilə görüşüb. Görüş zamanı, BMTİP-nin Administratoru Azərbaycanın dövlət başçısını son prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edərək onun rəhbərliyi altında yeni tərəqqi və inkişaf dövrünün başlamasına dair gözləntilərini ifadə edib. O, regionda dayanıqlı inkişafın təmin edilməsi və son on ildə iqtisadi artım, sabitlik və sosial tərəqqi istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə görə Azərbaycan prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verib, yaşıl keçidin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın bərpaolunan və yaşıl enerji potensialının 200 qiqavatdan artıq olduğunu və yaxın müddətdə ölkənin 5 meqavat gücündə bərpaolunan enerji resursu istehsal etmək imkanı olacağını deyib. Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpaolunan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyi və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 

Axim Ştayner vurğulayıb ki, Azərbaycanın yaşıl keçid transformasiyası COP29-a ev sahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkənin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaqdır.

Prezident İlham Əliyev Axim Ştayneri COP29 Konfransına dəvət edib, BMTİP-nin Administratoru dəvəti minnətdarlıqla qəbul edib.

Səfər çərçivəsində Axim Ştayner həmçinin Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramov ilə görüşərək Dayanıqlı İnkişaf Məqsədləri (DİM), Azərbaycanda keçiriləcək COP29 Konfransı ilə bağlı fikir mübadiləsi və digər cari məsələlərə dair müzakirələr aparıb. 

 

Media əlaqə: 

Ceyhun Ələkbərov, BMTİP Azərbaycan

jeyhun.alakbarov@undp.org