Bakı şəhəri, 17 sentyabr 2019-cu il – Bu gün, gələn həftə keçiriləcək BMT-nin İqlim Dəyişikliyinə dair Sammiti ərəfəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və BP şirkəti iqlim dəyişikliyi ilə mübarizə aparmaq və sənaye sektorlarının ətraf mühitə təsirini azaltmaq məqsədilə, ağacəkmə kampaniyasına dəstək üçün bir araya gəliblər. ARDNŞ tərəfindən başladılan və 25 hektarlıq torpaq sahəsində 30,000 ağacın əkilməsini nəzərdə tutan ağacəkmə kampaniyası Bakının ən az yaşıllığı olan, halbuki sənaye yükü olduqca çox olan qəsəbələrindən biri - Qaradağı yeni meşə massivinə çevirəcək.
Ağacəkmə kampaniyası ARDNŞ-in Tullantıları İdarəetmə Mərkəzində BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti, ARDNŞ-in Prezidenti cənab Rövnəq Abdullayev, ARDNŞ-in ekologiya üzrə Vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə və BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə Regional Prezidenti cənab Qari Consun iştirakı ilə keçirilmişdir. Kritik ətraf mühit dəyişikliklərinin mənfi təsirlərinə zamanlı cavabın önəmini nəzərə alaraq, BMTİP-nin Azərbaycandakı missiyası, ARDNŞ və BP-nin Azərbaycan ofisinin rəhbərləri Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə səylərini, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsini və ölkənin alternativ və yenilənə bilən enerji potensialını müzakirə etdilər.
Enerji tutumlu iqtisadiyyatın istixana qaz emissiyalarında böyük paya malik olduğu və qlobal istiləşməyə şərait yaradan əsas sahə hesab edildiyi Azərbaycanda, ağacəkmə və meşəsalma atmosferə buraxılan karbon qazının qarşısını almaqda böyük rol oynaya bilər.
Ağacəkmə kampaniyası 20 sentyabr tarixində qeyd ediləcək Neftçilər Günü, eyni zamanda hasilat bölgüsü ilə bağlı tarixi sazişin – Azərbaycanı dünyanın strateji enerji mərkəzinə çevirmiş, xarici neft şirkətləri konsorsiumu arasında bağlanan Əsrin Müqaviləsinin imzalanmasının 25 illiyi ərəfəsində keçirilir.
Ağacəkmə aksiyası ARDNŞ və BP şirkətinin töhvəsi sayəsində baş tutaraq, həmçinin BMTİP-nin ARDNŞ ilə birgə icra etdiyi və Qlobal Ətraf Mühit Fondunun maliyyələşdirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsinin də dəstəyi ilə həyata keçirilir.
2015-ci ildə başlayan NAMA layihəsi həmin vaxtdan bəri istixana qazlarının (İXQ) emissiyasının azaldılmasında və üç əsas istiqamət üzrə enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində Azərbaycana dəstək göstərib: tikinti, nəqliyyat və səmt qazlarının yığılması.
Dörd il davam edən intensiv fəaliyyətin nəticəsi olaraq, NAMA layihəsi ARDNŞ-in inzibati və xidməti binalarında ümumilikdə 10,000 kvadrat metr sahə enerji səmərəli pəncərələr, havalandırma və istilik izolyasiya və döşəmə isitmə sistemləri kimi enerji baxımdan səmərəli avadanlıqlar və ekoloji cəhətdən zərərsiz ləvazimatlarla təchiz edilib. Beləliklə, bu binaların müasirləşdirilməsi hər il karbon dioksidin 200 tonadək azaldılmasına kömək edib, eyni zamanda, enerji istehlakını 35 faiz azaldaraq 2,500-dən çox insana fayda verib.
Eyni zamanda, Azərbaycanda dayanıqlı və ekoloji baxımından sağlam hərəkət texnologiyalarını, o cümlədən, nəqliyyat vasitələrini ekoloji cəhətdən uyğun idarəetmə stimulyatorları və enerjinin yanacaq yanmasından elektrik enerjisinə çevrilməsinə kömək edən hibrid avtomobilləri təqdim edib. Layihədə təxminən 1,200 sürücü üçün təklif olunan bacarıqları inkişaf etdirmə tədbirləri ilə yanaşı, bu cür dayanıqlı sürücülük tədbirləri avtomobillərdən ayrılan karbon dioksid qazını 10-15 faiz azalda bilər.
Layihə, Bakının Qala qəsəbəsində, enerji səmərəliliyi təcrübələri və xidmətləri üzrə bilikləri idarəetmə mərkəzinə çevrilən, habelə neftçilərə, enerji texnologiyaları üzrə ixtisaslaşan elmi işçilərə, müəllim və tələbələrə potensiallarının inkişaf etdirilməsi üzrə xüsusi təlimlər təklif edən Azərbaycanın ilk Enerji Səmərəliliyi Mərkəzinin təsis olunmasına da dəstək göstərib.
Əlavə olaraq, Bakıdan şimalda yerləşən Siyəzən rayonunda ucqar dağ icmalarında həyata keçirilən tədbirlər sayəsində 12 kəndin ərazisində yaşayan 600-dən çox ailə - təxminən 2,500 sakin tezliklə əvvəllər onlar üçün əlçatmaz olan təmiz məişət yanacağı ilə təmin ediləcəklər.
Azərbaycanda daha sağlam, iqlimə-uyğun təcrübələrə olan ehtiyacı və mədən yanacaqları asılılığından alternativ enerji mənbələrinə keçməyin vacibliyini nəzərə alaraq, BMTİP ARDNŞ-in Qala, Qaradağ və Sumqayıtda yerləşən komplekslərində 63 kilovattlıq günəş elektrik stansiyaları və Qaradağ Tullantıları İdarəetmə Mərkəzinin yaxınlığında 24 kilovattlıq külək enerji turbinləri inşa edib. Bunların əksəriyyəti ənənəvi elektrikləşdirməyə daha təhlükəsiz, təmiz və etibarlı alternativ olaraq əsasən ətraf ərazilərin işıqlandırılması məqsədi üçün istifadə edilir.
***
Məlumat üçün, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli (arzu.jafarli@undp.org) ilə əlaqə saxlayın.