Dr. Cəmilə Mahmud Bakıda BMTİP və Avropa Komissiyasının “Kaptalks” təşəbbüsü çərçivəsində planetar sağlamlıq mövzusunda mühazirə deyib

1 July 2024

Bakı, 27 iyun 2024-cü il. BMT-nin İnkişaf Proqramı və Avropa Komissiyasının birgə təşəbbüsü olan Kapuçinski İnkişaf Mühazirələri (Kaptalks) “Mürəkkəb dünyada necə yaşamalı: planetar sağlamlıq çıxış yolu kimi” mövzusunda seminar təşkil edib. Tədbirdə Sanvey Universitetinin Planetar Sağlamlıq Mərkəzinin icraçı direktoru professor Cəmilə Mahmud mühazirə ilə çıxış edib. İnteraktiv formatda keçən mühazirədə insan riskləri, xüsusilə iqlim dəyişikliyinin səbəb ola biləcəyi səhiyyə böhranı və onunla mübarizə və digər müvafiq mövzular müzakirə edilib.  

Planetar sağlamlıq dayanıqlı inkişafın təməlidir. Dr. Cəmilə Mahmud yoluxucu xəstəliklərin daha asan yayılmasına münbit şərait yaradan münaqişələr, ərzaq təhlükəsizliyi və yerdəyişmə hallarının insanların immun sistemlərini daha da zəiflətdiyini vurğulayır. O, qeyd edir ki, hazırda humanitar sistemlər böhranlara cavab tədbirlərinin planetar sağlamlığa zərər verməməsi və uzunmüddətli perspektivdə risk və həssaslığı gücləndirməməsi üçün əlavə təzyiq və məsuliyyətlə üz-üzədir. 

Hibrid formatda təşkil edilmiş mühazirə bu il Bakıda keçirilməsi planlaşdırılan COP29 Konfransı hazırlıqları çərçivəsində baş tutub. Azərbaycan Tibb Universiteti ilə tərəfdaşlıq çərçivəsində təşkil edilmiş seminarda səhiyyə və təhsil sahəsinin mütəxəssisləri, ekspertlər, alimlər, tələbələr, hakimiyyət orqanlarının nümayəndələri, diplomatlar və vətəndaş cəmiyyətinin üzvləri iştirak edib. 

Azərbaycana səfəri çərçivəsində Dr. Cəmilə Mahmud səhiyyə, təhlükəsizlik, iqlim dəyişikliyi, ətraf mühitin qorunması, DİM-lər və digər mövzularla bağlı fikir mübadiləsi aparmaq məqsədilə bir sıra rəsmi görüşlər keçirib. Professor COP29-un Rəyasət Heyətinə baş çəkərək xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ilə də səmərəli görüş keçirib.

 

Media əlaqə: 

Ceyhun Ələkbərov, BMTİP Azərbaycan

jeyhun.alakbarov@undp.org