İsveçrə Məşvərət Komissiyası Azərbaycanda qadınlara hədəflənmiş layihə ilə tanış olub

17 April 2023

 

Azərbaycanda səfərdə olan Beynəlxalq Əməkdaşlıq üzrə İsveçrə Məşvərət Komissiyasının prezidenti Feliks Gutzvillerin rəhbərlik etdiyi nümayəndə heyəti Bakının Xəzər rayonunda yerləşən Qadın Resurs Mərkəzində (QRM) olub. Səfərin məqsədi İsveçrə Hökumətinin Azərbaycanda dəstəklədiyi layihələrlə tanış olmaq və benefisiarlarla görüşməkdir. 

Qonaqlar BMT-nin İnkişaf Proqramının (BMT İP) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirdiyi “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi” Layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. 

Qonaqlara bildirilib ki, layihənin 2022-ci ilin əvvəlindən başlanmış 2-ci fazası Xəzər/Bakı, Sabirabad, Qusar və Füzuli rayonlarını əhatə edir. Ötən müddətdə bu rayonlarda layihənin dəstəyi ilə qadın resurs mərkəzləri açılıb və fəaliyyət göstərir. QRM-lər regionlarda yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadi səlahiyyətləndirilməsi, öz bizneslərini qurması, peşə öyrənməsi, eləcə də, qərar qəbul edilməsi proseslərində iştiraka cəlb olunmasına dəstək verir. 

Ötən müddətdə bu mərkəzlərdə 2000-dək artıq qadın qeydiyyatdan keçib. 1000-dən çox qadın müxtəlif istiqamətli təlimləri tamamlayaraq əmək bazarına qatılıb. 70-dək qadının təqdim etdiyi biznes plan layihə tərəfindən maliyyələşdirilib. 

Layihənin vacib fəaliyyətlərindən biri də Qadınların İqtisadi Səlahiyyətləndirilməsi Prinsiplərini özəl şirkətlər arasında təşviq etməkdir. Layihə ötən 1 il ərzində 19 özəl şirkətin Qadınların İqtisadi Səlahiyyətləndirilməsi Prinsiplərini qəbul etməsinə nail olub. 

İsveçrə səfirliyinin Missiya rəhbəri Aleksander Hoffet İsveçrənin beynəlxalq əməkdaşlıq istiqamətləri, qadınların iqtisadi səlahiyyətləndirilməsinin vacibliyi və ölkəsinin Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi fəaliyyətlərində rolu barədə danışıb. 

UNDP-nin Azərbaycanda Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros bu layihənin eyni zamanda bir neçə dayanıqlı inkişaf məqsədinə çatmağa dəstək verdiyini və Azərbaycan Hökumətinin regionların iqtisadi inkişafı ilə bağlı proqramlarına uyğun olduğunu bildirib. “Layihə həssaq qruplardan olan qadınların iqtisadi cəhətdən və qərar qəbul etmədə səlahiyyətləndirilməsinə dəstək verməklə regionlarda məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verir”, - Nuno Queiros deyib.

Qeyd edək ki, layihə 2024-cü ilin payızınadək davam edəcək.

Əlaqə üçün məlumat:

Afət Yaqubova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə aparıcı mütəxəssisi – afet.yagubova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.