“Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması keçirilir
18 July 2024
Bakı, 18 iyul 2024-cü il - Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, “WorldSkills Azerbaijan” İctimai Birliyi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə 17-19 iyul 2024 tarixlərində “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması həyata keçirilir.
Müsabiqə “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbir olacaqdır. Müsabiqə çərçivəsində ölkəmiz xarici yarışmaçılara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atır. Sözügedən yarışda ölkəmizin təmsilçiləri ilə yanaşı Qazaxıstan və Özbəkistandan gələn gənclər də iştirak edirlər.
İndiyə kimi aşpazlıq ixtisası üzrə 3 fərqli təsnifat mərhələsi baş tutmuşdur və 100-dən çox müraciətçi qeydiyyata alınmışdır. Sonrakı mərhələlərdə isə namizədlərin nəzəri və praktiki biliklərini ölçən müsabiqə keçirilmişdir.
Tədbirin əsas məqsədi bu ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Əlaqə üçün məlumat:
Ceyhun Ələkbərov, BMTİP-nin Azərbaycan ofisi, Layihənin Kommunikasiyalar üzrə mütəxəssisi –jeyhun.alakbarov@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu