Vətəndaş cəmiyyəti təşkilatları üçün Layihələrin idarəedilməsi üzrə Proqrama başlanılıb
4 September 2023
Bakıda 20-dən çox vətəndaş cəmiyyəti təşkilatı (VCT) üçün “Layihə idarə edilməsinin əsasları” adlı təlim proqramı keçirilib. Təlim Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən təşkil edilib. Sözügedən layihə VCT-lərin potensialının artırılması ilə bağlı fəaliyyət göstərir.
Layihə, müasir metodologiya və texnikalar haqqında yeni biliklər, eləcə də praktiki təcrübə mübadiləsi imkanları təklif etməklə bir sıra əsas sahələrdə Azərbaycan təşkilatlarının bilik və bacarıqlarının artırılması üzrə çoxşaxəli proqramlar təşkil edir. Bu proqramlardan öncə Layihə tərəfindən aparılan qiymətləndirmədə təşkilatlar özlərinin prioritet təlim ehtiyacları arasında layihənin idarə edilməsi istiqamətini qeyd edib.
Bu məqsədlə, təlim VCT-lərin inkişaf sektorunda standartlara uyğun qaydada layihələrini uğurla planlaşdırması və həyata keçirməsi üçün onların layihə idarəetmə bacarıqlarını gücləndirməyə yönəlib. 8 saatlıq təlimdə Bakı, Bərdə, Biləsuvar, Gəncə, Mingəçevir və Şəki şəhərlərindən 22 vətəndaş cəmiyyəti təşkilatını təmsil edən 30-a yaxın nümayəndə iştirak edib. Təlim iştirakçıları - yerli Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyi dəstəkləyən kiçik miqyaslı təşəbbüsləri həyata keçirməyi planlaşdıran təşkilatları təmsil ediblər. Bu səbəbdən həm təlim seminarı, həm də gələcək mentorluq görüşləri layihə tərəfindən seçilən bu təşkilatların birbaşa fərdi fəaliyyətlərinin düzgün planlaşdırılması və uğurlu icrası üçün uzlaşdırılıb.
Təlimdə iştirakçılar layihənin ümumi icra dövrü haqqında yeni məlumatlar əldə edib, müxtəlif layihə proseslərinin idarə edilməsi üzrə, eləcə də güclü layihə idarəetmə strukturlarının tərtib olunması və layihə risklərinin azaldılması barədə biliklərini artırıblar.
Birgünlük təlim seminarı daha sonra VCT-lərlə fərdi mentorluq görüşləri ilə davam edəcək. Görüşlər təşkilatların layihə idarəsi üzrə fərdi irəliləyişlərini müzakirə edəcək və sentyabrın sonuna qədər aparılacaq.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.