BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqerin 6-cı Regional İnternet İdarəçilik Forumundakı çıxışı
13 mart 2019-cu il
Bakı, Azərbaycan
Hörmətli cənab Quluzadə, zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!
Rəqəmsal transformasiya proseslərinin ən aktual məsələlərindən olan və Azərbaycan da daxil olmaqla bütün dünyada bizim ümumi öhdəliyimizə çevrilmiş kibertəhlükəsizlik mövzusuna həsr olunan 6-cı Regional İnternet İdarəçiliyi Forumunun bugünkü açılışında sizinlə birgə iştirak etməkdən qürur hissi duyuram!
İlk olaraq, ölkənin İKT gündəliyinin icrasına göstərdiyi davamlı dəstəyə və BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birlikdə Regional Foruma ev sahibliyi etdiyinə görə, Azərbaycan Hökumətinə, xüsusilə də uzunmüddətli tərəfdaşımız olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dərin minnətdarlığımı bildirmək istərdim.
BMTİP dünyadakı hər bir qadının, kişinin və uşağın kommunikasiya texnologiyalarının faydalarından bəhrələnməsi üçün nəzərdə tutulmuş siyasətlərin həyata keçirilməsinə əlverişli şərait yaratmaq üçün öz qlobal və milli səviyyəli inkişaf gündəliyinin ilk sıralarında innovasiyaya yer verir. İKT ilə bağlı innovasiyalar sosial-iqtisadi artımın, həmçinin hər bir fərdin məlumat və biliklərə vaxtında çıxış imkanının təmin edilməsində əhəmiyyətli rol oynayır.
Bu gün hər kəs üçün İKT, xüsusilə internet informasiya və təhsil resurslarına, səhiyyə xidmətlərinə çıxış, dövlət xidmətlərinin vaxtında göstərilməsi, eləcə də qida məhsullarının istehsalı və paylanmasının təkmilləşdirilməsindən yararlanmaq imkanı deməkdir. Biz rəqəmsal inkişafın bir çox imkanlara malik olduğunun tam fərqindəyik, lakin o, eyni zamanda ölkədaxili və ölkələrarası bərabərsizliyin daha da kəskinləşməsi və eləcə də mövcud idarəetmə strukturlarımızın qarşısında müəyyən çətinliklərin yaranması kimi riskləri də ehtiva edir. Biz 2018-ci ildə, hər il keçirilən İstanbul İnnovasiya Günləri zamanı #NextGenGov şüarı çərçivəsində bu məsələni araşdırmağa başladıq.
Biz bu risklərin azaldılması üzərində fəal şəkildə çalışmaqla yanaşı, eyni zamanda ən yeni texnologiyaları sınaqdan keçirir, yeni tərəfdaşlıqlar formalaşdırır və innovatorlarla əməkdaşlıq edirik: Serbiyada biz pul köçürmələri ilə bağlı xərclərin azaldılması, şəffaflıq və hesabatlılığın artırılması üçün blokçeynlərdən istifadə edirik; Moldovada biz özəl sektorla birgə, şəhərsalma və şəhərlərin mobilliyinin real vaxtda təhlili üzərində çalışırıq; və yenə Serbiyada biz, gənclərin rəqəmsal bacarıqlarını artırmaq və daha parlaq bir gələcəyə cığır açmaq üçün hökumətlə çiyin-çiyinə işləyirik. Biz həm də, qeyd etdiyimiz əksər məsələlərin və imkanların özünü ilk olaraq şəhərlərdə büruzə verdiyini görürük. Elə məhz bu səbəbdən də onlar sistemin əsas düyünü kimi, texnoloji dəyişiklikləri idarə edə bilmək və tərəqqini bölüşmək iqtidarında olub-olmadığımızı müəyyən edir.
İnternet idarəçiliyi BMTİP-in bütün dünyada inkişaf sahəsində həyata keçirdiyi fəaliyyətlərin özəyini təşkil edir. Daha konkret desək, rəqəmsal innovasiyanın inkişaf etdirilməsi 2030-cu il Gündəliyinə uyğundur və BMT-nin dünyanın hər bir yerində icra etdiyi əməliyyatların təməlində dayanan Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Bizim əsas şüarımız heç kimi kənarda qoymamaqdır; bu bizim xidmət etdiyimiz ölkələrin və əhalinin qarşısında olan öhdəliyimizdir. Rəqəmsal inkişafla bağlı məsələlər hesabatlılıq, idarəçilik, insan hüquqları və imkanların bərabərliyi və ya qeyri-bərabərliyi kimi inkişafla bağlı olan məsələlərdir. Buna görə də, BMTİP Dördüncü Sənaye İnqilabının daha inklüziv olmasının təmin edilməsində əsas tərəfdaşlardan biridir. Bununla belə, biz bilirik ki, texnoloji dəyişiklik misli görülməmiş bir sürətlə baş verir və biz rəqəmsal dövrün fürsətlərindən yalnız strateji tərəfdaşlıqlar vasitəsilə faydalana bilərik.
Mən BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun Direktoru kimi, BMTİP-ə bir neçə ay əvvəl qoşulmuşam. Qoşulduğum andan etibarən, Azərbaycanın öz İKT portfelinə və elektron hökumətlə bağlı daha irimiqyaslı dəyişikliklərə yatırdığı böyük investisiyaları müşahidə etməkdən məmnunam. Buna misal olaraq ASAN xidmətə qoyulmuş investisiyanı, habelə gənc sahibkarları iqlim dəyişmələrinə qarşı mübarizə üçün texnologiyalardan istifadə etməyə ruhlandırmaq məqsədi daşıyan və BMT-nin İnkişaf Proqramı tərəfindən ötən ilin sonlarında təşkil edilən “Cleantech Bootcamp” kimi daha çox “aşağıdan-yuxarıya” istiqamətlənən yanaşmalara qoyulan investisiyanı göstərmək olar. Bu baxımdan, inkişafın əsas katalizatoru olan İKT sahəsində BMTİP-in Azərbaycan Hökuməti ilə davam edən uzunmüddətli əməkdaşlığını xüsusi vurğulamaq istərdim.
Zati-aliləri, xanımlar və cənablar!
Bizim Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə olan əməkdaşlığımızın uzun bir tarixçəsi var. Bu gün burada, Azərbaycanda hər il keçirilən Regional İnternet İdarəçiliyi Forumunun altıncı raundunda iştirak etməkdən məmnunluq duyuram. Bu forum Hökumətlə birgə yaratdığımız, ölkədə İKT sektorunun inqilabi inkişafına yönələn daha geniş miqyaslı strateji tərəfdaşlıq çərçivəsinin bir hissəsidir. Bu təşəbbüsün yaradılmasından on ildən artıq vaxt ötüb.
BMTİP-in Azərbaycanda İKT infrastrukturunun və İKT xidmətlərinin müasirləşdirilməsi və onların dayanıqlılığının və səmərəliliyinin artırılması ilə bağlı olan layihəsinin bir hissəsi kimi yaradılmış bu Regional Forum bu sahənin əsas iştirakçılarının bir araya gələrək öz fikirlərini bölüşməsi, bir-birindən öyrənməsi və inkişafla bağlı yeniliklər etməsi üçün həqiqətən unikal bir platformaya çevrilmişdir. İdarəçilikdəki güclü rəqəmsallaşma prosesləri ilə bağlı yenilikçi müzakirələrin aparılması üçün əlverişli platforma olan Regional İnternet İdarəçiliyi Forumu işlərin ənənəvi üsullarla görülməsinə son verilməsi məqsədilə, həm qərarların verilməsinə məsul şəxslər, ictimaiyyət, sahibkarlar, həm də təhsilalanlar və təhsilverənlər üçün çox gözəl bir fürsətdir. İnternetin yeni nəsil idarəçiliyə təsir etmək, adi insanların həyatını dəyişmək, habelə heç kəsi kənarda qoymadan daha əhatəli və daha əlçatan idarəçilik platformalarını yaratmaq potensialı olduğunu nəzərə alaraq bu forum internetin gələcəyi ilə bağlı müzakirələrə təkan verir.
Mən inanıram ki, Azərbaycanda keçirilən 6-cı Regional İnternet İdarəçilik Forumu hər kəsin kibertəhlükəsizlik mövzusu ilə bağlı öz fikirlərini bölüşməsi və əsas müzakirələrdə iştirak etməsi üçün əhəmiyyətli və faydalı bir platforma olacaqdır. Çünki internet resurslarından rasional və dayanıqlı şəkildə istifadə edərək hərəkətlərimizin və istifadə etdiyimiz texnologiyaların heç kəsə xələl gətirməməsini təmin etmək bizim müştərək öhdəliyimizdir.
Sadə dillə desək, öz kiber-müdafiəmizi yaxşılaşdırmaq üçün hamımız birgə çalışmalıyıq. Kibertəhlükəsizliyin təmin edilməsi yalnız hökumətlərin, şirkətlərin, qrupların və ya konkret şəxslərin vəzifəsi deyil. Orta səviyyəli smartfon istifadəçisindən tutmuş, böyük şirkətlərin icraçı direktorlarına qədər hamımız bu məsuliyyəti bölüşürük.
Yekun olaraq, sizə yaddaqalan şəbəkələşmə münasibətləri və internet idarəçiliyinin gələcəyinə dair dərin müzakirələrlə dolu məhsuldar bir gün diləyirəm.
Fürsətdən istifadə edərək, ölkədə İKT sistemlərinin müasirləşdirilməsi və onların dayanıqlılığının və səmərəliliyinin artırılması istiqamətində göstərilən birgə səylərimizə verdiyi şəxsi töhfələrinə görə cənab nazir Ramin Quluzadəyə dərin minnətdarlığımı bildirirəm.
Çox sağ olun!