Sağalma səyahəti: Qadın Resurs Mərkəzi sayəsində qadın arıçı həyata yenidən başlayır

26 June 2023

62 yaşlı Əskinaz Məmmədova Azərbaycanın qərb bölgəsi olan Tərtər şəhərində yaşayır. 2020-ci ilin sentyabrında baş vermiş münaqişə nəticəsində zərər çəkmiş Əskinaz həyatında yeni bir səhifə açıb, sıfırdan başlaya biləcəyinə ümidini itirmişdi. Münaqişə səbəbindən dərin travma və narahatlıq içində yaşamağa davam edirdi.

"Həyatımda bir çox çətinliklərlə qarşılaşdım. Boşandım. Daima mübarizə aparırdım və dəstəyə ehtiyacım var idi".

O, dolanışığını təmin etmək, bir az maddi sabitlik tapmaq üçün az maaşlı bir işdə çalışır. Sağlamlıq problemləri ilə qarşılaşan və səkkiz əməliyyat keçirən Əskinaz "hər şey budur, bacarmayacağam" deyə düşünür. Ancaq həyatının tezliklə dəyişəcəyindən xəbərsiz olur.

"Yenə də çətin günlərimdən biri idi. Evə qayıdarkən Qadın Resurs Mərkəzinin koordinatoru ilə rastlaşdım. Mənə Mərkəz haqqında danışdı və qoşulmağa dəvət etdi".

Beləliklə, Əskinazın “sağalma” səyahəti başladı.

Mərkəzin üzvü olduqdan qısa müddət sonra münaqişədən təsirlənən qadınlar üçün təşkil edilən psixoloji özünə kömək təliminə qatıldı. Təlim qadınlara travmaları aradan qaldırmağa və bir-birlərinə və icmalarına dəstək olmağa kömək etmək məqsədi daşıyırdı. O, qeyd edir ki, burada "dəstəkləndiyini və eşidildiyini" hiss edirdi.

Bu təlim onun gələcək uğurlarına da yol açdı. Tezliklə, o, biznesin inkişafı təlimlərində iştirak haqqı qazanmış qadınlar arasında idi. Təlim başa çatdıqdan sonra Əskinaz kiçik arıçılıq təsərrüfatını modernləşdirmək məqsədilə hazırladığı planını təqdim etdi.

"Münaqişə zamanı bütün arılarım tələf oldu. Mənim üçün o qədər əziz idilər ki, bu hadisədən sonra özümə gələ bilməyəcəyimi düşünürdüm. Bu layihə və Mərkəz mənə yenidən ümid etməyi öyrətdi. Ehtiyacım olan avadanlıqları gətirdikləri günü xatırlayıram. Sevincimdən ağlamışdım..."

Böyük Britaniya hökumətinin maliyyə dəstəyi sayəsində Əskinaz lazımi arıçılıq avadanlığı, arı ailələri və arı pətəkləri ilə təmin edildi.

"Bu Mərkəz nə üçündür deyə soruşsanız, ümid, motivasiya, dəstək və ailədən deyərəm. Əvvəllər tək idim. İndi mənim üçün çox əziz qızlarım var! Tərtər qadınlarını Qadın Resurs Mərkəzinə qoşulmağa və özlərinə həyatlarını dəyişdirmək şansı verməyə çağırıram. Lap mənim etdiyim kimi".