Bakı, 4 sentyabr, 2018-ci il –Dayanıqlı inkişaf üzrə 2030-cu ilə qədər Yeni Gündəliyin qəbul olunmasının üçüncü ildönümünə barmaqla sayılası qədər az gün qaldığı tarixi bir dövrdə, Azərbaycanda ilk dəfə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş Gənclərin Yay Məktəbi təşkil olunmuşdur. 4-6 sentyabr 2018-ci il tarixlərində keçirilən Yay Məktəbi dünyada baş verən proseslərə maraq göstərən və yaşadığımız dünyanı daha yaxşı bir məkana çevirmək arzusu ilə yaşayan 50-dən çox fəal gənci bir araya gətirib.
Bakının Binəqədi Gənclər Evində təşkil olunan tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyi tərəfindən birgə icra olunan yeni layihəyə başlanğıc mərhələ olaraq start vermişdir və növbəti aylarda silsilə tədbirlərlə davam edəcəkdir. İki il davam edəcək bu yeni təşəbbüsün həyata keçirilməsində məqsəd qlobal siyasi müzakirələrdə və Dayanıqlı inkişaf üzrə 2030-cu ilə qədər Yeni Gündəliyin qarşıya qoyduğu vəzifələrə nail olunması istiqamətində innovativ həll yollarının müəyyən edilməsində gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni mütərəqqi platformaların yaradılmasına yardım etməkdir.
“Sirr deyil ki, yeni Qlobal Gündəliyin uğuru gənclərlə bütün maraqlı tərəflər arasındakı güclü tərəfdaşlıqdan çox asılı olacaq. Belə ki, bu prosesdə gənclərin üzləşdiyi problemlərin aradan qaldırılması, onların verdiyi töhfələrin tanınması və qərar qəbuletmənin hər bir səviyyəsində gənclərin səsinə səs verilməsi vacibdir. Ümumiyyətlə, gənc insanlar inkişafın təkanverici qüvvələridir. Söhbət dayanıqlı inkişafın reallaşmasından gedirsə, o zaman gənclərin biliyi, zəngin düşüncə tərzi və innovativ çıxış yolları tapmaq bacarığı bu işdə olduqca mühüm əhəmiyyət kəsb edir” – deyə Gənclərin Yay Məktəbinin açılışında çıxış edən BMTİP-in Azərbaycanda Rezident Nümayəndəsinin müavini cənab Alessandro Frakassetti vurğulayıb.
Ümumi əhalinin 27%-nin gənclərdən ibarət olduğu bir ölkədə - Azərbaycanda inkişaf və qərar qəbuletmə proseslərində gənclərin fəal iştirakının gücləndirilməsinə olan tələb artmaqdadır. Bu tələbi rəhbər tutaraq və gənclərlə birlikdə, eyni zamanda da gənclər naminə çalışmağın önəmini nəzərə alaraq, BMTİP və Azərbaycan hökuməti gənclərin vətəndaş cəmiyyətində iştirakının gücləndirilməsi üçün yeni paradiqmalar yaradırlar. Belə ki, BMTİP və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi yeni layihə BMT Modeli hərəkatını genişləndirilməklə Azərbaycanda daha güclü və daha mükəmməl gənclər şəbəkəsinin yaradılması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində Qlobal Məqsədlər barədə gənc qızlar və oğlanlar arasında maarifləndirmənin aparılması və hər biri məxsusi olaraq bir Qlobal Məqsədi təmsil edəcək 17 gənc səfirin seçilməsi nəzərdə tutulur. Eyni zamanda, BMTİP və Azərbaycan hökuməti bu yeni təşəbbüsün bir hissəsi kimi DİM-lərin həyata keçirilməsini sürətləndirmək məqsədilə könüllülüyün və könüllülərin gücündən də maksimum dərəcədə yararlanmağa çalışacaqlar.
Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə aşağıdakı ünvanda əlaqə saxlaya bilərsiniz - arzu.jafarli@undp.org