“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnkişaf Proqramı “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edir

5 June 2024

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri ilə bağlı məlumatlılığın artırılması ilə bağlı tədbirlər keçirilir.

Hazırda qlobal səviyyədə müzakirə mövzularından biri olan iqlim dəyişikliyi müxtəlif sahələrə öz təsirini göstərməklə yanaşı, insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaradır. Dövlətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, elmi ictimaiyyət tərəfindən bu mövzuda davamlı müzakirələr aparılır və həll yolları araşdırılır.

Gənclərin bu mövzu ilə bağlı araşdırmalar apararaq öz töhfələrini verməsi, habelə onların komanda işi bacarıqlarının inkişafı üçün Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma yazıları müsabiqəsi elan olunur. Müsabiqə “İqlim dəyişikliyi və insan hüquqlarına gənclərin baxışı” (Youth Vision for Climate Change and Human Rights) şüarı ilə keçiriləcəkdir.

Müsabiqə barədə Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Gömrük Akedemiyası, ADA Universiteti və Aviasiya Akademiyasında 45 dəqiqəlik məlumat sessiyaları keçiriləcəkdir. 

Yazılar müsabiqə keçirən tərəfləri təmsil etməyən, üç müstəqil ekspert - alimdən ibarət olan münsiflər tərəfindən qiymətləndiriləcəkdir. 

Ətraflı məlumat üçün linkə keçid edin: https://ombudsman.az/az/news/1970