BMTİP Azərbaycanda ilk dəfə əlilliyi olan insanlar üçün rəqəmsal imkanların təşviqi məqsədilə İnklüzivlik Hakatonu keçirir

28 June 2019

Şəkil: BMTİP Azərbaycan

Bakı, 28 iyun 2019-cu il – Bu gün Yarat Müasir İncəsənət Muzeyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan İnklüzivlik Hakatonuna start verilib. İnklüzivlik Hakatonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevə tərəfindən təqdim olunub.

Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək və onların inklüzivlik hüquqlarını təşviq etmək üçün innovativ yeniliklər yaratmaqda kömək edəcəkdir. Bununla, Azərbaycanda “UNLIMITED” adlı ilk Milli İnklüzivlik Kampaniyasının bir hissəsi kimi bu il BMTİP tərəfindən təşkil ediləcək bir sıra planlı tədbirlərin başlanması qeyd edilir.

İlk inklüzivlik təşəbbüsü ölkədə geniş marağa səbəb olub. Hakatonda iştirak etmək üçün müxtəlif komandalar və fərdlərdən 70-dən çox müraciət daxil olub. Müraciətlər diqqətlə nəzərdən keçirildikdən sonra, 48 saat fasiləsiz davam edəcək tədbirdə iştirak etmək üçün hər biri 4-5 nəfərdən ibarət olan 16 komanda seçilib. Texnologiya sahəsinin peşəkarları əlilliyi olan insanların üzləşdikləri çətinlikləri dəf etmək üçün ideya və açıq mənbədən olan həll yollarını (məsələn, tətbiqi proqramlar, vebsaytlar, elektron məhsullar) təklif etmək və onların yaşayışlarını yaxşılaşdırmaq üçün bu ideyaları praktiki prototiplərə çevirmək məqsədilə iki gün fasiləsiz qrup şəklində çalışacaqlar.

“UNLIMITED” İnklüzivlik Hakatonunun açılışında nitq söyləyən BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti qeyd etdi ki, Hakaton “müxtəlif bacarıqlara malik insaların birgə çalışdığı, təhsil aldığı və və birgə yaratdığı cəmiyyətdə - ƏLİLLİKDƏN başqa BACARIĞI görən cəmiyyətdə inklüzivliyi aşılamaq üçün texnoloji imkanların inkişaf etdirilməsində Azərbaycana kömək etmək” niyyətilə keçirilir. Daha sonra cənab Frakassetti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya sözü verdi. Xanım Əliyeva, öz növbəsində Azərbaycanda ilk İnklüzivlik Hakatonunun açılışını elan etmək üçün geriyə sayım simvolik düyməsini basaraq Hakatona start verdi.

Hakatonda qalib gələn ideya 5,000 Azərbaycan manatı məbləğində mükafat qrantı alacaq və prototipin reallaşdırılması  və onun tam həcmdə tətbiqi üçün mükafatdan sonrakı üç ay müddətində peşəkar təlimatçı mentor yönləndirməsindən yararlanacaq.

UNLIMITED İnklüzivlik Hakatonu bu ilk layihədə təlimatçı mentor qismində iştirak etmək üçün Azərbaycanın texnologiya sahəsində çalışan yüksək peşəkarlar, sahibkarlar, inklüzivlik üzrə ekspertlər, əlilliyi olan insanlar, habelə cəmiyyətdəki fəalları cəlb edib. Beynəlxalq aləmdə tanınan və yüksək səviyyəli milli jüri üzvləri, innovasiya, inklüzivlik və texnologiya sahəsinin liderləri  ayrı-ayrı qrupların modellərini nəzərdən keçirməli və qalib gələn ideya ilə bağlı öz rəylərini verməlidirlər. İnklüzivlik Hakatonunun keçirildiyi əsas məkan –  Azərbaycanda 20-21-ci əsr Rəssamlıq Muzeyi Hakaton komandalarını birgə yaratmağa və sosial problemləri həll etməyə həvəsləndirmək üçün hazır müasir texniki məkana çevrilib.

İnklüzivlik Hakatonu barədə daha təfsilatlı məlumat və yenilikləri BMTİP-nin rəsmi UNLIMITED səhifəsindən əldə etmək olar.

İnklüzivlik Hakatonu BMTİP-nin Azərbaycanda yenicə elan etdiyi Akselerator Laboratoriyasının dəstəklədiyi ilk təşəbbüsdür. Dünyada 60 BMTİP Akselerator Laboratoriyasından ibarət şəbəkə 21-ci əsr üçün inkişafa yenidən nəzər salmaq və yoxsulluğun azaldılması, təhsil üçün bərabər imkanların yaradılması, inklüzivlik, əlçatan səhiyyə xidmətləri, iqlim dəyişikliyi ilə mübarizə və planeti qorumaq kimi dünyanın ən ümdə problemlərinin həlli yollarında dəyişikliyə nail olmaq üçün təsis olunub: Azərbaycan dünyada yaradılan bu 60 Akselerator Laboratoriyasından biridir və eyni zamanda, BMTİP-nin Avropa və MDB məkanında təsis etdiyi altı Akselerator Laboratoriyasından biridir. Qətər dövləti və Almaniya Federativ Respublikası tərəfindən maliyyələşdirilən Akselerator Laboratoriyaları inkişafla bağlı problemlərin həlli üçün dəlillərlə, təcrübə ilə özünü doğrultmuş yeni xidmətləri və sınaqdan keçirilmiş həll yollarını təqdim edəcək və BMTİP tərəfindən hökumətin qarşısına qoyacağı yeni təklifin bir hissəsi olacaqdır.

***

Media nümayəndələri sorğuları ilə bağlı BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlaya bilər - arzu.jafarli@undp.org