Bakı, 13 avqust 2021-ci il – Avropa İttifaqının maliyyələşdirdiyi “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” layihəsi uğurla başa çatıb.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən qismən maliyyələşdirilən və İçərişəhər Administrasiyası ilə birgə icra edilən layihə, ötən üç il ərzində 100-dən artıq əlilliyi olan və olmayan gəncin inklüziv peşə təhsili proqramlarına çıxış imkanlarının artırılmasına dəstək olub.
Layihənin dəstəyi ilə, Azərbaycanın İncəsənət və Sənətkarlıq üzrə ilk İnklüziv Təlim Mərkəzi təsis edilib və daha sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə köçürülüb.
Layihə nəticəsində 112 nəfər əlilliyi olan və olmayan tələbə inklüziv təhsil proqramından faydalanıb; 20 nəfər müxtəlif çətinlikləri olan tələbə isə özünüməşğulluq layihələrini təqdim edərək kiçik qrantlar əldə edib; əlavə olaraq 50 video dərs hazırlanaraq layihənin “YouTube” kanalında yerləşdirilib və bütün vətəndaşların istifadəsinə verilib, eləcə də ənənəvi incəsənət sahələri üzrə
4 kurikulum və 11 tədris modulu hazırlanıb və müvəffəqiyyətlə sınaqdan keçirilib.
Layihə eyni zamanda Buzovnada yerləşən peşə təhsil müəssisəsində müvafiq lift inşa edərək Mərkəzə müyəssər girişi təmin edib. Həmçinin, yeni avadanlıq və materiallar təchiz olunub və iki otaq təmir edilərək peşə emalatxanası olaraq istifadəyə verilib.
Bundan əlavə, incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər, peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor müavinlərinə inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi proqram keçirilib. Məqsəd, qeyd edilən mütəxəssislərin müxtəlif əlillikləri olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub.
Peşə Təhsili üzrə Dövlət Agentliyi öz növbəsində, inklüziv təhsil proqramlarını davam etdirmək və ölkə üzrə inklüziv təhsilin peşə təhsili şəraitində inteqrasiyasını daha da inkişaf etdirmək niyyətindədir. “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” layihəsinin nailiyyətlərini rəhbər tutaraq həmin istiqamətdə davam etdirmək, həmçinin əlilliyi olan tələbələrə davamlı dəstəyin təmin edilməsi məqsədilə bu sahədə çalışan mütəxəssislər üçün yaxın gələcəkdə potensialın artırılması üzrə əlavə proqramlar nəzərdə tutulur.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi – leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.