Bakı, 30 sentyabr 2020-ci il – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”, COVİD-19 dövründə işindən ixtisar olunmuş, biznes mühitinə dəyən zərər nəticəsində öz işini və məşğulluğunu itirmiş və öz bilik və bacarıqlarını artırmaq istəyən 50000 Azərbaycan vətəndaşı üçün “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” kurslarını təqdim etmək məqsədilə əməkdaşlığa başlayıb.
“İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü”, COVİD-19 pandemiyası dövründə yaranmış işsizlik böhranına cavab tədbiri olaraq “Coursera” tərəfindən hökümətlərə kömək məqsədilə yaradılmışdır. Bu, işini itirmiş şəxslərə iş bazarına yenidən daxil olmaq üçün lazım olacaq bacarıqları təqdim edəcək onlayn platformadır.
Adıçəkilən təşəbbüs BMTİP-nin “Coursera” tədris sistemi ilə əməkdaşlığı sayəsində təqdim olunacaq.
Kurslar vasitəsilə iştirakçılar əldə etmək istədikləri bilik və bacarıqlara uyğun olaraq dünyanın tanınmış universitetləri və təşkilatları tərəfindən hazırlanmış 4000-ə qədər təlim proqramlarından tam ödənişsiz formada istifadə edə biləcəklər.
Təqdim olunan kurslar ixtisas təlimləri ilə yanaşı, müxtəlif dil biliklərinin artırılması, informasiya texnologiyaları və digər proqramları da əhatə edir. İştirakçılar 400-dək Türk, 60-dək Rus dilində, eyni zamanda ingilis və başqa dillərdə olan kurslardan faydalana bilərlər. Proqramı uğurla başa vuran iştirakçılar dünyanın müxtəlif ölkələrində keçərli olan seritifikatla təmin ediləcəklər.
Təlimlərdə iştirak etmək istəyən şəxslər https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidə daxil olaraq “İşçi qüvvəsinin Bərpası Təşəbbüsü – Coursera” seçməklə, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş şəxslərə “Coursera” sistemi tərəfindən qeydiyyatını tamamlamaq üçün dəvətnamə gələcək.
Qeydiyyat yalnız ilk 50000 nəfər üçün nəzərdə tutulub.
Son qeydiyyat tarixi 14 dekabr 2020.
Qeyd edək ki, təşəbbüs 3 aylıq kursları əhatə edir. Əlavə olaraq “MasterTrack Certificate” təlimləri təşəbbüsün təlim siyahısına daxil edilmir.