Bakı, 19 iyun 2020-ci il – Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP), bir sıra dövlət qurumu nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları (VCT) nümayəndələrinin iştirakı ilə “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.
Konfransda Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri Müşavir-elçi Simona Qatti, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin müavini Çaru Bist, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin sədri Hüseyn Hüseynov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbinə Manafova və hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova açılış nitqləri ilə çıxış ediblər.
Daha sonra layihənin maliyyələşdirdiyi 9 VCT nümayəndəsi adıçəkilən layihə çərçivəsində bir il ərzində görülən işlər haqqında təqdimatlar ediblər.
Aİ-nın maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və həyata keçirdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi qadın, uşaq və əlilliyi olan insanları əhatə edib. Layihənin ümumi məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına dair milli gündəliyin genderə həssas istiqamətdə işlənib hazırlanması və həyata keçirilməsində vətəndaş cəmiyyətinin effektiv və fəal iştirakını təşviq etməkdir.
27 aylıq layihə, Naxçıvan Muxtar Respublikasının 5 şəhəri də daxil olmaqla, Azərbaycanın 37 rayon və şəhərində həyata keçirilib. Bu müddət ərzində 662 qadın sahibkarlıq üzrə bilik və bacarıqlar əldə edib, 650 gənc qız və qadın erkən nikah və nikah müqaviləsi ilə bağlı maarifləndirmə sessiyalarında iştirak edib, 129 qadın şəxsi biznesinə başlamaq üçün ilkin kapital maliyyəsi alıb, 1200 qadın hüquqi yardımdan yararlanıb və 1298 qadın Dayanıqlı İnkişaf Məqsədlərilə bağlı təlimlərdə iştirak edib.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.