Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı üçün növbəti tədbir keçirilib
Aİ və BMTİP Azərbaycan peşə təhsili sistemində karyera xidmətlərinin genişləndirilməsinə dəstək göstərir
11 April 2023
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan ikigünlük tədbirin məqsədi hazırda fəaliyyət göstərən karyera mərkəzləri mütəxəssislərini sahə üzrə müasir bilik və bacarıqlarla tanış etmək və onların ümumi iş potensialını gücləndirməkdir. Gəncə şəhərində keçirilən tədbirdə Bakı, Bərdə, Cəlilabad, Gəncə və Qəbələdən 15 nəfər karyera mütəxəssisi, Azərbaycan Respublikasının Təhsil İnstitutundan, Avropa Təlim Fondundan ekspertlər, o cümlədən koçinq üzrə mütəxəssis və əlaqədar təşkilatçı tərəflərin nümayəndələri olmaqla 25 nəfər iştirak edib.
Qeyd edilməlidir ki, peşə təhsilində karyera məsləhət xidmətinin təşkili yönündə fəaliyyətlərin aparılması, insan kapitalının inkişafı və potensialın artırılması təşəbbüsləri sözügedən layihə tərəfindən Karyera Mərkəzləri üzrə təqdim edilən tövsiyə xarakterli təkliflər əsasında həyata keçirilir. Tədbirdə ömürboyu öyrənmə və karyera məsləhəti sahəsində beynəlxalq təcrübədən tövsiyələr və təhsildə istedadların idarəsi istiqamətində planlaşdırma işləri müzakirə edilib. İştirakçılar, həmçinin karyera məsləhətçiləri üçün gözlənilən yerli metodiki yanaşmalar haqda məlumat alıb və karyera konsultasiyası istiqamətində layihənin təqdim etdiyi karyera platforması və mobil proqramla tanış olublar.
Hazırda layihə tərəfindən təsis edilmiş dörd karyera mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərir. Layihə tərəfindən 3 karyera mərkəzi isə karyera fəaliyyət proqramı ilə təmin olunub və bu 3 peşə təhsili müəssisəsində əlaqədar infrastruktur işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Karyera məsləhətçiləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlar, həmçinin mərkəzlərdə təşkil edilən qısa-müddətli kursların iştirakçıları ilə əlaqədar olaraq xidmət göstərir. Onlar peşə təhsili tələbələrini mütəmadi olaraq ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə məlumatlandırır, eyni zamanda onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olmağa çalışır. Buraya tərcümeyi-halların yazılması, müsahibəyə hazırlıq və əmək bazarında gündəmdə olan mövzulara dair təlimlərin təşkili üzrə xidmətlər aid edilir. Sözügedən bu karyera mərkəzləri üzrə 13 karyera məsləhətçisi son 18 ay müddətində 1000-ə yaxın karyera konsultasiya xidməti göstərib. Karyera xidmətləri istifadəçilərinin 60%-i kişi, 40%-i qadın olub.
Layihə tərəfindən toplam, benefisiar 7 peşə təhsili müəssisəsində fiziki olaraq karyera mərkəzinin qurulması, fəaliyyətinin təşkilinə dəstək və məsləhətçilərin müvafiq iş proqramı ilə təmin edilməsi, o cümlədən karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi üçün təlim proqramları nəzərdə tutulur. Layihə tərəfindən əlavə olaraq daha 3 peşə təhsil mərkəzində karyera üzrə fəaliyyət proqramının təmini də planlaşdırılır.
***
Karyera mərkəzlərinin qurulması üzrə fəaliyyətlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
_____
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisi, Layihənin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.