Bakı, 07 iyun 2021-ci il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi “açıq qapı” günlərini Gəncə şəhərində yerləşən bir sıra peşə təhsil müəssisələri üçün davam etdirir.
“Açıq qapı” günlərinin məqsədi ictimaiyyəti peşə təhsil mərkəzləri haqqında ətraflı məlumatlandırmaq, eləcə də gənclər üçün peşə təhsilinin cəlbediciliyinin artırılmasına dəstək olmaqdır.
Sayca üçüncü olan tədbir Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Sözügedən mərkəzlər, Gəncə şəhərindən yuxarı sinif şagirdləri, valideyn və müəllim kollektivi, həmçinin özəl sektor nümayəndələri üçün qapılarını açıq elan edib. Tədbir çərçivəsində peşə təhsil mərkəzləri (PTM) iştirakçı qruplar üçün pandemiya qaydalarına əməl edərək tur təşkil edib.
Ziyarətçilər PTM-lərin bir sıra tədris məkanlarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olub, həmçinin qəbul qaydaları barədə ətraflı məlumat alıblar. İştirakçılar hər iki peşə təhsil müəssisəsində ilk dəfə qəbulu nəzərdə tutulan yüksək texniki peşə ixtisasları haqqında da informasiya əldə ediblər. Qeyd edilməlidir ki, yüksək texniki peşə təhsili almış tələbələr daha sonra ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.
Əlavə olaraq, iştirakçılar tədbir zamanı peşə təhsili məzunlarının əl işlərindən ibarət sərgi ilə tanış olub, müvafiq karyera perspektivləri, o cümlədən PTM-lərin özəl sektor şirkətləri ilə cari əməkdaşlıq imkanları haqqında müzakirələr aparıblar.
Qeyd edilən tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi - əmək bazarının tələblərinə cavab verən səriştə əsaslı tədrisin təşkili üçün peşə təhsil müəssisələrinin müasirləşdirilməsində, eləcə də peşə təhsili və təlimi sisteminin keyfiyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək olmaqdır.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.