Müxtəlif insanların öz güclü tərəfləri ilə töhfə verə biləcəyi bir mühitdə işləmək hamını ruhlandırır və uğurlu nəticələrə aparır

27 December 2021

Foto: Zinyət Vəliyeva

“Müxtəlif insanların öz güclü tərəfləri ilə töhfə verə biləcəyi bir mühitdə işləmək hamını ruhlandırır və uğurlu nəticələrə aparır..”

İşəgötürənlər üçün əlilliyi olan şəxslərin işə cəlb edilməsi ilə bağlı bir sıra çətinliklər yaranır. Düşünürəm ki, bu çətinliklərin aradan qaldırılması üçün ilk mərhələdə nəinki İnsan resursları şöbəsinin əməkdaşları, ümumiyyətlə bütün işçilər əlilliklə bağlı əsas məlumatlara sahib olmalıdırlar. İllərlə əlillik haqqında formalaşmış yanlış stereotiplər və dəyərlər bizi düzgün qərarlar verməkdən sapdırır. Bütün insanlar fərqli olduğu kimi, əlilliyin formaları və əlilliyi olan şəxslər də fərqlidirlər.

Bundan sonra biz, iş siyasətimizi fərqli insanların ehtiyaclarına uyğun necə quracağımız və iş yerlərini necə inklüziv edə biləcəyimiz barədə düşünə bilərik. Əlilliyi olan şəxslərin iş yerinə uyğunlaşdırılması əlillikdən asılı olaraq bəzən ümumiyyətlə heç bir dəyişiklik tələb etmir və ya kiçik uyğunlaşdırmalar tələb edir. Çox zaman bu dəyişikliklərdən hamı yararlanır. Buna uyğunlaşdırılmış iş saatları, girişlərdə pandusları, yaxşı hazırlanmış ehtiyat çıxış planları, kiçik infrastruktur dəyişiklikləri, əlavə kompüter proqramları, uyğun nişanları və s. aid etmək olar.

Müxtəlif insanların öz güclü cəhətləri ilə töhfə verə biləcəyi bir mühitdə işləmək hamını ruhlandırır və uğurlu nəticələrə aparır. ADA Universitetində biz hər kəsin fərqli, ancaq bərabər hüquqlara sahib olduğu gözəl bir təhsil məkanı yaratmışıq. İnsanlar dəyərli olduqlarını hiss etdikdə bacara bildiyi ən yaxşı işləri ortaya qoyur. Bu isə bir şəxsin yox, bütövlükdə böyük bir kollektivin uğuruna çevrilir.

Müəssisələr əlilliyi olan şəxsləri pozitiv formada diskriminasiya edərək, onlara ilkin mərhələdə maraqlarına və bacarıqlarına uyğun iş üzrə təcrübə və ya kiçik bir iş imkanı verməlidirlər. Çünki əlilliyi olan şəxslər dünyada sosial və ictimai həyatdan ən çox təcrid olunmuş insan qrupudur və buna görə biz həm fərd, həm də cəmiyyət olaraq birlikdə məsuliyyət daşıyırıq.

“Bütün insanların oxuması, işləməsi üçün əlverişli mühit yaradan bir müəssisədə loyallıq hissi yüksək olur...”

Zinyət Vəliyeva 1974-cü ildə Şəmkir şəhərində anadan olub. Əlilliyini 1991-ci ildə ailə həyatında yaşadığı çətinlikdən sonra qazanıb. Həvəslə Tibb Universitetinə qəbul olmağa hazırlaşan Zinyət əvvəllər bütün arzularının puç olduğunu düşünür. Daha sonra isə həyat tərzinin dəyişməsinə, infrastruktur, ətraf mühit, hətta ailəsi ilə də bağlı olan maneələrə baxmayaraq, mübarizəsini davam etdirir və 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadçı ixtisası üzrə ali təhsil alır.

1997-ci ildə Respublika Əlil Qadınlar Cəmiyyətinin təsisçilərindən biri olmaqla, hazırda həmin cəmiyyətin təftiş komissiyasının sədri və Paralimpiya Komitəsinin təftiş komissiyasının sədr müavini vəzifələrini icra edir. 1996-cı ildən kamandan ox atma idman növü üzrə paralimpiya oyunlarına qoşulmuş və 2012-ci ildə London paralimpiya, 2016-cı ildə isə Rio-De Janeroda paralimpiya oyunlarının iştirakçısı və bir çox idman turnirlərinin qalibi olmuşdur. Gələcək hədəfi isə Tokio Yay Paralimpiya Oyunlarında qalib olmaqdır.

O, ilk iş təcrübəsinə 2003-cü ildə Royal Express MMC-də başlamış və 2012-ci ilədək həmin şirkətdə operator vəzifəsində çalışmışdır. Daha sonra 2012-ci ildən etibarən fəaliyyətini ADA Universitetində Mühafizə şöbəsində mütəxəssis kimi davam etdirmiş və 2014-cü ildən bu günədək həmin universitetdə Tələbə qəbulu və qeydiyyat şöbəsində mütəxəssis olaraq çalışmaqdadır. Zinyət tələbələrlə işləməyin onun işinin əsas motivasiyası olduğunu bildirir.

Təcrübə göstərir ki, əlilliyi olan şəxslər tutduğu vəzifədə əlilliyi olmayan həmkarlarından daha uzun müddət qalırlar. Bunu əlilliyi olan şəxslər üçün iş imkanlarının məhdud olması, iş yerlərində onlardan gözləntilərin aşağı olması ilə bağlı, daha çox çalışmaları, onların çətinliklərə qarşı daha dözümlü olması və s. kimi bir çox səbəblərlə izah etmək olar.

“Əlilliyi olan şəxslər işlədiyi yerdə uzun müddət işləməklə töhfə verməkdə maraqlı olurlar” – deyən Zinyət Vəliyeva həm də qeyd edir ki, iş yerində istənilən şəxsin, xüsusilə, həssas qruplardan olan və əlilliyi olan şəxslərin motivasiyalı və bacarıqlı işçilərə çevrilməsi üçün işəgötürənlərin işçilər arasında fərq qoymaması, hər kəsə ədalətli davranması çox vacibdir.

"Bütün insanların oxuması, işləməsi üçün əlverişli mühit yaradan bir müəssisədə loyallıq hissi yüksək olur. Həm də fərqli insanların işlədiyi mühitdə formalaşan işçilər və tələbələr daha açıq düçüncəli, fərqliliklərə hörmət bəsləyən, əməkdaşlığın, dəstəyin vacib olduğunu anlayan fərdlərə çevrilirlər. Biz ADA Universitetində inklüziv dəyərlərin və inklüziv iş mühitinin uğur modelinin nümunəsini yaradırıq. Mən əminəm ki, biz yalnız birlikdə inklüziv cəmiyyətin qurulmasına doğru inamlı addımlar ata bilərik,” – Zinyət deyir.

Zinyət ailəlidir və bir övladı var. İşlədiyi üçün o sərbəst şəkildə öz ailəsinə dəstək göstərə bilir. “İndi həyatımla bağlı bütün qərarları özüm verə bilirəm. Getdiyim məkanlarda bəzən insanların sual dolu baxışları, “Sizi kim gətirib?”, “Sizin adamınız yoxdur?” tipli suallarla hələ də qarşılaşıram. Ancaq mən görürəm ki, ADA Universitetində artıq bu düşüncə tərzi tamamilə aradan qalxıb, buna həm müəssisədə hər kəsə bərabər, ədalətli yanaşmanın olması, həm də əlilliyi olan şəxslərin işləməsi müsbət təsir göstərib. İşdə heç bir ayrıseçkiliklə, fərqli münasibətlə qarşılaşmıram. Düşünürəm ki, insanlar əlilliklə bağlı məlumatlandıqca əlilliyin insan hüquqlarına əsaslanan sosial modelinə keçid aldıqca bu münasibətlər aradan qalxacaq. Bu işdə işəgötürənlərin rolu böyükdür, çünki iş yerlərində nə qədər çox əlilliyi olan şəxslər olarsa, bu proses bir o qədər tez baş verəcək.

Əlilliyi olan şəxslər təhsil və iş imkanlarından təcrid olunduqda bütün ömrü boyu ətrafındakı şəxslərdən asılı durumda yaşamağa məhkum olunurlar. İşləmədiyim zaman ətrafımdakılar davamlı olaraq mənə dəstək göstərməyə məcbur idilər, bu, onların da həyat tərzinə mənfi təsir göstərirdi. Amma işlədikdən sonra bütün ehtiyaclarımı özüm təmin etməyə başladım, indi nəinki ailəmə və yaxınlarıma, ətrafımdakı ehtiyacı olan insanlara da dəstək göstərməyə çalışıram. Əslində əlilliyi olan şəxsin işə götürülməsi yalnız bir nəfərin deyil, onun ətrafındakı bütün insanların sosial və iqtisadi durumuna müsbət təsir göstərir.

İşləməyiminm şəxsən mənim bugünədək həyatda əldə etdiyim uğurlara nail olmağımda böyük rolu olub. Buna görə karyeram boyunca mənə dəstək olan Royal Express MMC-yə, ADA Universitetinə və ətrafımda mənə inanan bütün insanlara minnətdarlığımı bildirirəm.

Təəssüf ki, insanlar çox zaman əlilliyi olan şəxsin özündən əvvəl onun əlilliyini görürlər və onun bacarıqları barədə əlilliyinə görə dərhal qərar verirlər. Əldə etdiyim uğurlara baxmayaraq, insanların fərqli münasibəti ilə, ayrı-seçkilik halları ilə hələ də qarşılaşıram. Ancaq məyus olmuram, çünki mənim mübarizəm daha alidir. Mən hər kəsin həyatda uğur qazanacağına inanıram və öz uğurlarımla əlilliyi olan şəxslər üçün uğur modeli yaratmaqda davam edirəm,” – Zinyət qeyd edir.

Növbəti hekayələr üçün bizi izləməyə davam edin.

***

Bu hekayə Azərbaycanın Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlanmışdır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir və BMTİP və UNFPA-nın Azərbaycandakı Nümayəndəlikləri tərəfindən icra olunur.