Bakı, 12 noyabr 2021-ci il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) peşə təhsili pilləsi üzrə inklüziv tədrisin tətbiqi istiqamətində fəaliyyətlərə start verib.
Aİ-nin maliyyələşdirdiyi "Gələcək üçün Peşə Təhsili" layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq inklüziv peşə təhsili istiqamətində təlim proqramı həyata keçirilib.
Peşə təhsilində inklüzivliyin təşviqi proqramı sahə üzrə uzunmüddətli təcrübəyə malik mütəxəssis Dr. Peter Grimes tərəfindən tədris edilir. Üçgünlük proqramda Bakı, Gəncə, Şəki, Cəlilabad və Lənkəran peşə təhsil müəssisələrində çalışan müəllimlər, istehsalat təlimi ustaları üçün müvafiq təlimlər keçirilir və sağlamlıq imkanları məhdud olan şəxslər üçün peşə təhsili pilləsində tədris üzrə pedaqoji təlim dəstinin istifadəsi izah edilir.
Təlimlər vasitəsilə iştirakçılar peşə təhsilinin tədrisində inklüzivlik, maneələr və həll yolları barədə müzakirələr aparır, universal öyrənmə mühitinin təşkili barədə daha ətraflı məlumat əldə edirlər.
Proqramın məqsədi peşə təhsilində inklüzivliyi təşviq etmək və bu istiqamətdə müasir yanaşmaların tətbiqinə dəstək olmaqdır.
Sözügedən təlim proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
Əlaqə üçün məlumat:
Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri –gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.