Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən minatəmizləmə layihəsinə başlanır

Azərbaycan Hökuməti, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Məcburi Köçkünlərin Təhlükəsiz Qayıdışının dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirir.

8 February 2023

7 fevral 2023-cü il - Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb.

Layihə üçün 4,25 milyon avro maliyyə töhfəsi verən Avropa İttifaqı bugünə qədər Azərbaycanda minatəmizləmə əməliyyatlarına ən böyük dəstək verən beynəlxalq təşkilatdır.

Layihə geri qayıdan 33 000-ə yaxın ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa etmələrinə kömək edəcək. Minaların və partlamamış hərbi sursatların (PHS) mövcudluğu məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışının qarşısını alır. Bunu nəzərə  alaraq Aİ, ANAMA və BMTİP öz səylərini mina və PHS-ləri təmizləyən cavab qruplarını hazırlamaq, təchiz etmək və yerləşdirmək istiqamətində birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması da nəzərdə tutulur. Bu tədbirlər, həmçinin layihə müddətindən sonra da münaqişədən zərər görmüş ərazilərdə insanların həyatını xilas etmək və icmaların yenidən qurulmasına yardım üçün ANAMA əməkdaşlarının strategiya və məlumatların idarə edilməsi üzrə təlim sessiyalarına dəstək verəcək.

Məcburi köçkünlər layihədən faydalanmaqla yanaşı, həm də layihədə fəal iştirak edəcəklər. Yeni minatəmizləmə qrupları yerli icmalarla sıx əməkdaşlıq edəcək və qeyri-hökumət təşkilatlarının minatəmizləmə fəaliyyətlərində iştirakı təşviq ediləcək.

“Azərbaycan hökuməti regionda sülh və təhlükəsizlik prinsiplərinə sadiq qalaraq, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti və donor təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu layihə ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi, o cümlədən ANAMA-nın potensialının artırılması, bilik və bacarıqlarının gücləndirilməsi, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq tərəfdaşların səyləri və həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə əməkdaşlıq, ərazilərin təhlükəsiz bərpası və yenidən qurulmasına, o cümlədən uzun illər ərzində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin dinc yolla geri qayıtmasına yardım edəcəkdir”, - ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov qeyd edib.

“Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi paylaşmaq məqsədi ilə başlayırıq. Bu layihə BMTİP üçün vacibdir, çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradacaq və onların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”, - BMTİP-nin Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queirós bildirib.

_____

Media əlaqə:

Media ilə bağlı sorğular üçün zəhmət olmasa, afet.yagubova@undp.org e-mail ünvanı vasitəsi ilə, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi Afət Yaqubova ilə əlaqə saxlayın.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.