EU4Climate Layihəsi çərçivəsində gender və iqlim dəyişikliyinin Azərbaycanın enerji siyasətinə inteqrasiyası uğurla həyata keçirilir
22 November 2022
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən (BMTİP) noyabrın 12-də təşkil edilmiş COP-27 yan tədbirində EU4Climate layihəsinin Milli Koordinatoru Nazim Məmmədov "Azərbaycanın enerji siyasətinə gender və iqlim dəyişikliyinin inteqrasiyası" mövzusunda təqdimatla çıxış edib. Tədbirə Şərq Tərəfdaşlığının əhatə etdiyi ölkələrdə uzunmüddətli aşağı emissiya inkişaf strategiyalarının müqayisəli təhlilini müzakirə etmək üçün Tərəfdaşlığa üzv altı ölkənin nümayəndələri qatılıb.
Azərbaycan tərəfin təqdimatında qeyd edilib ki, uzunmüddətli aşağı emissiya inkişaf strategiyasına nail olmağın əsas amillərindən biri iqtisadiyyatın alt sektorlarında, o cümlədən enerji sektorunda qadınların səlahiyyətlərinin genişləndirilməsidir.
"Azərbaycanda gender əsaslı enerji siyasəti hidroenergetika, günəş və külək enerjisi və enerji səmərəliliyi vasitəsilə qadınların rifahının yaxşılaşdırılmasına, gender bərabərliyinə və sosial ədalətə zəmin yaradır,” - deyə cənab Məmmədov tədbirdə çıxış edərkən bildirib.
Rəsmi statistik məlumata əsasən, Azərbaycanda iqtisadi cəhətdən fəal qadınların payı şəhərlərdə 6,6%, kənd yerlərində 4,8% daxil olmaqla, kişilərlə müqayisədə 5,8%-ə qədər azdır. 48% qadın işçidən 78,1%-i özəl sektorda, 21,9%-i dövlət sektorunda çalışır. Qadınlar təhsil sahəsində 73%, səhiyyə və sosial sahədə 78%, sənət və istirahət tipli iqtisadi fəaliyyətində 62% təşkil edir.
Hal-hazırda, ölkədə çox az sayda qadın sahibkar və ya biznes sahibi vəzifəsində çalışır, o cümlədən qeydiyyatdan keçmiş müəssisələrin cəmi 25%-i qadınlara məxsusdur. Kiçik müəssisə sahiblərinin sayına gəldikdə isə, qadınlar onların yalnız 21%-ni təşkil edir. Milli Statistika saytında 2021-ci ilin yanvar ayı üçün yayımlanan məlumatlara əsasən, qadınlar özəl sahibkarların 21%-ni təşkil edir, qalan 79%-i kişilər təşkil edir. Qadınlar, əsasən, kənd təsərrüfatı və balıqçılıq, ticarət və xidmətlərin göstərilməsi ilə əlaqəli digər iqtisadi fəaliyyət sahələrində çalışırlar.
Ekoloji təhlükəsizlik və gender amillərinin nəzərə alınması şərtləri ilə aparılan enerji siyasətinin tətbiqi davamlı iqtisadi inkişafa səbəb ola bilər.
Cənab Məmmədovun hazırladığı təqdimatda müxtəlif xidmətlərə olan tələbat nəzərə alınmaqla, gender konsepsiyalarının enerji siyasətinə inteqrasiyası və aktuallaşdırılması istiqamətində konkret addımlar təklif olunur. Kasıb və aztəminatlı qrupların və qadınların rəhbərlik etdiyi ev təsərrüfatları üçün enerji infrastrukturu imkanları, gündəlik həyata ekoloji təmiz enerji mənbələrinin daxil edilməsini, qadınlar üçün iş imkanlarının genişləndirilməsini və istifadəçi təlimi proqramlarının həyata keçirilməsini əhatə edən tənzimləmə üsulları təqdim edir.
EU4Climate layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilir. Bu layihə Paris İqlim Sazişinin həyata keçirilməsində və iqlim siyasətinin və qanunvericiliyinin tənzimlənməsində bir sıra ölkələrə dəstək olur. Əsas məqsəd iqlim dəyişikliyinin təsirlərini məhdudlaşdırmaq və vətəndaşların bu mövzuda daha məlumatlı və dayanıqlı olmalarını təmin etməkdir. Layihə çərçivəsində görülən işlər, Şərq Tərəfdaşlığı ölkələrinə emissiyaların azaldılması və iqlim dəyişikliyinə qarşı müqavimət siyasətini yürütməyə, iqlim siyasətini və qanunvericiliyi təkmilləşdirməyə və birləşdirməyə kömək edəcək.
Media ilə əlaqə
Vusalə Abbasova, Kommunikasiya üzrə mütəxəssis, +994 55 505 37 39, vusala.abbasova@undp.org