BMT-NİN İNKİŞAF PROQRAMININ REZİDENT NÜMAYƏNDƏSİ SƏLAHİYYƏTLƏRİNİ İCRA EDƏN CƏNAB NUNO QUEIRÓSUN NİTQİ

“Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” LAYİHƏSİNİN AÇILIŞ TƏDBİRİ

7 February 2023

Hörmətli cənab Vüqar Süleymanov,

Hörmətli Sultan Hacıyev,

Hörmətli Aydın Kərimov,

Hörmətli tərəfdaşlar,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

Belə bir mühüm layihənin başlanması ilə əlaqədar bu gün burada sizinlə olmaqdan böyük məmnunluq duyuram. Bu layihə həyatları xilas etməyə kömək edəcək və məcburi köçkünlərə öz evlərinə qayıtmasına imkan verəcək.

Mən ilk növbədə hökumət tərəfdaşlarımıza təşəkkür etmək istərdim. Fəaliyyətimizə göstərilən dəstəyə görə Prezident Administrasiyasına, bizimlə əməkdaşlıq üçün göstərilən etimad və vizyona görə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təşəkkür edirəm. Eyni zamanda, heç kəsin kənarda qalmaması prinsipinə uyğun olaraq hər kəs üçün həyat şəraitinin daha da yaxşılaşdırılması səylərimizdə bizə göstərdiyi davamlı öhdəliyə və maliyyə dəstəyinə görə
Avropa İttifaqına təşəkkür etmək istərdim.

“Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilir.

Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına maneə olur, evlərinə və kənd təsərrüfatı sahələrinə çıxışına çətinlik yaradır, beləliklə də onları öz həyatlarını bərpa etmək imkanlarından məhrum edir.

Məhz buna görə humanitar minatəmizləmə BMTİP-nin Azərbaycandakı inkişaf səylərinin çox mühüm və vacib hissəsidir və hökumətlə paylaşdığımız və üzərində çalışdığımız əsas prioritetlərdən biridir.

Seçilmiş etibarlı tərəfdaş kimi, insan mərkəzli yanaşması və təcrübəsi ilə BMTİP 25 ildən artıqdır ki, Azərbaycan da daxil olmaqla 40-dan çox ölkədə minalarla mübarizə təşəbbüslərini dəstəkləyir.

Qlobal miqyasda Humanitar Minatəmizləmə (HMM) münaqişələr nəticəsində təcrid olunmuş və həssas vəziyyətə salınmış həyatları və icmaları yenidən qurmaq fəaliyyətlərimizin önündə gəlir. Minatəmizləmə fəaliyyətinin dayanıqlı inkişafın müxtəlif istiqamətlərində payı var, bu fəaliyyət xüsusilə, iş yerləri, yaşayış vasitələri, ərzaq təhlükəsizliyi, su və kanalizasiya üzrə töhfə verir. Minaların təmizlənməsi Eyni zamanda, davamlı bərpa və uzunmüddətli sülh və inkişafın təməlinin qoyulması baxımından çox vacibdir.

2030-cu il Gündəliyində dayanıqlı inkişafın əsas vasitələrindən olan humanitar minatəmizləmənin rolunu nümayiş etdirən və ölçən müfəssəl çərçivə təqdim edilir. Azərbaycan hökuməti öz səyləri ilə minatəmizləmənin milli inkişaf planına tam şəkildə daxil edilməsini təmin edib.

Əhəmiyyətini nəzərə alaraq, minatəmizləmə fəaliyyəti iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər istiqamətlər daxil olmaqla bir çox inkişaf sahələrini əhatə edir və əksər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağına töhfə verir. Bu fəaliyyət iş yerlərinin, yaşayış vasitələrinin, sağlamlıq və insan təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyi daha möhkəm və dayanıqlı icmaların yenidən qurulması üçün maneələri aradan qaldırır.

BMTİP Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə uzunmüddətli tərəfdaşlığa malik olmaqdan qürur duyur. Biz 1999-cu ildən minatəmizləmə tədbirlərini dəstəkləmişik və o zaman ANAMA-nın atdığı ilk addımlara kömək etmişik. Son 20 il ərzində BMTİP Azərbaycanda 850.000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsində ANAMA-ya dəstək verib və 160.500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.

Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq. Öz resurslarımızla və digər xidmətlərlə yanaşı, beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib.

Bu gün, Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin 4,250,000 avro məbləğində maliyyə dəstəyi ilə, o cümlədən Azərbaycan hökuməti ilə çiyin-çiyinə çalışaraq məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına dəstək vermək üçün bu layihəyə başlayırıq. Bu gün imzalanan layihə 20 kəndi əhatə edərək 33 604 ailənin faydalanmasına imkan verəcək.

Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq, həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək.

BMTİP minaları və partlamamış hərbi sursatları aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur. Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə  maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik.

Əlavə olaraq, bu layihə bizə heç kimi kənarda qoymamaq prinsipi istiqamətində davamlı öhdəliyimizi bölüşməyə kömək edəcək və Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirən ilk qadın komandaları yaratmağa, onları humanitar minatəmizləmə kimi mühüm fəaliyyətə cəlb etməyə imkan verəcəkdir.

Ənənəvi olaraq, minatəmizləmə işi kişilərin üstünlük təşkil etdiyi bir peşədir. Bu layihə bərabərliyi və inklüzivliyi təşviq etmək və ölkədə minatəmizləmə sektorunun mütərəqqi xarakterini dəstəkləmək üçün əhəmiyyətli imkanlar təklif edir. Layihə, həmçinin gələcəkdə qadınlar üçün karyera inkişaf planlarını və imkanlarını əks etdirməyə çalışacaq. Minatəmizləmə əməliyyatlarında qadınların təşviqi bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında əsas töhfədir.

İcazənizlə bir daha qeyd edim ki, BMTİP hökumətin prioritetlərinə uyğun olaraq münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma ehtiyaclarını həll etmək üçün hökumətə öz dəstəyini göstərməyə hazırdır. Dayanıqlı iqtisadi artım, keyfiyyətli ictimai və sosial xidmətlərin göstərilməsi, ətraf mühitin mühafizəsi və yaşıl transformasiyanın təmin edilməsində təcrübəmizə arxalana bilərsiniz.

Azərbaycan xalqına daha yaxşı gələcək qurmağa kömək edəcək bu mühüm layihədə göstərdikləri dəstəyə və iştiraka görə bütün tərəfdaşlarımıza bir daha təşəkkür etmək istərdim.

Təşəkkürlər.