BMTİP-in Rezident nümayəndəsinin müavini cənab Alessandro Frakassettinin Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş Gənclərin Yay Məktəbinin açılış mərasimində nitqi

4 September 2018

Şəkil: BMTİP Azərbaycan, Dilavər Nəcəfov. Bakının Binəqədi Gənclər Evində Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş Gənclərin Yay Məktəbinidə iştirak edən gənc fəallar. 4-6 sentyabr 2018-ci il.

Çıxış üçün hazırlandığı kimi dərc olunub

Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev,

BMT əməkdaşları,

Xanımlar və cənablar, hörmətli nümayəndələr, beynəlxalq ictimaiyyət üzvləri,

ƏZİZ GƏNCLƏR!

Bu gün burada – Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gənclərin Yay Məktəbinin açılışında sizin hər birinizi salamlamaqdan məmnunluq duyuram! Fürsətdən istifadə edərək, gənclərin qlobal demokratiyanın qurulması və siyasi proseslərdə fəal iştirakı istiqamətində həyata keçirilən layihələrdə və təşəbbüslərdə uzun müddət bizimlə tərəfdaşlıq etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.

Mühüm əməhiyyətə malik olan Dayanıqlı İnkişaf Məqsədləri mövzusu altında dünyada baş verən proseslərə və diplomatiyaya maraq göstərən gənclərdən ibarət belə böyük və şövqlü bir qrupu burada görmək qəlbimi riqqətə gətirir. DİM-lər insanların həyatını və planetimizi dəyişmək məqsədilə hazırlanmış dünyanın ən iddialı Gündəliyidir. Üç il bundan əvvəl Nyu-Yorkda dünya liderləri inkişaf naminə bu qlobal konseptual Gündəlik barəsində razılıq əldə edərək onu imzaladılar və gənclər də dəstək nümayiş etdirərək onlayn və yerli şəraitdə baş tutan məsləhətləşmələrdə iştirak etməklə Gündəliyin prioritet məsələlərinin müəyyən olunmasında əvəzsiz rol oynadılar.

Yeni inkişaf Gündəliyi yoxsulluq və qeyri-bərabərlikdən tutmuş, aclıq, xəstəlik, zorakılıq, münaqişələr, iqlim dəyişikliyi və fəlakət risklərinə qədər dövrümüzün əsas inkişaf çağırışlarına cavab vermək məqsədi daşıyır. Gündəliyin bir digər məqsədi isə heç kimi unutmamaq, həyatımızı, iş və fəaliyyət tərzimizi dəyişməkdir. Bununla biz dayanıqlı, inklüziv və dinc cəmiyyətlər qura bilərik.

BMTİP-in Administratoru Akim Staynerin dediyi kimi, gənclər dəyişikliyin əsas səbəbkarlarıdır. Onlar innovatordurlar. Buna görə də 2030-cu il Gündəliyinin müvəffəqiyyət qazanmasını təmin etmək üçün bizim bütün gənclərə - gənc fəallar, innovatorlar, pozucu ünsürlər və novatorlar, sizin hər birinizə ehtiyacımız var.

Azərbaycanda gənclərin qlobal proseslərə cəlb olunması istiqamətində BMTİP-in Azərbaycan hökuməti ilə əməkdaşlığının maraqlı bir tarixçəsi var. 2013-cü ildə biz birlikdə BMT-nin Təhlükəsizlik Şurasına üzv olan 15 ölkənin gənc nümayəndələrini bir araya gətirməklə ilk dəfə Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil etdik. Bu, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün möhtəşəm təntənəsi idi. 2014-cü ildə isə dünyanın hər bir guşəsindən 700-dən çox iştirakçını bir yerə toplayan gənclərin qlobal gündəliyinin əsas mərhələlərindən birinə - Gənclər Siyasəti üzrə Birinci Qlobal Foruma birlikdə ev sahibliyi etdik. Sözügedən forumda qəbul edilmiş “Gənclər Siyasəti üzrə Bakı Öhdəlikləri” gənclərin qlobal fəaliyyətlərinin genişləndirilməsi üçün əsas sənəd oldu.

Biz BMT-nin tərəfdaşları ilə birlikdə Azərbaycan gənclərini “Bizim istədiyimiz gələcək”, daha dəqiq desəm, Dayanıqlı İnkişaf Məqsədləri mövzusu ətrafında aparılan ictimai müzakirələrə cəlb etdik. Hələ görüləcək çox işimiz var və mən əminəm ki, müştərək məqsədlərimizə nail olmaq üçün indi biz BMTİP və Gənclər və İdman Nazirliyinin birlikdə həyata keçirdiyi yeni layihə çərçivəsində birgə fəaliyyət göstərəcəyik. İki il davam edəcək layihə qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılmasına yardım etmək məqsədi daşıyır. Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə nail olmaq istiqamətində bizi bir-birimizə daha da yaxınlaşdıracaq olan da məhz bu yeni əsasdır.

Sirr deyil ki, gənclərin üzləşdiyi problemlərin aradan qaldırılması, onların verdiyi töhfələrin tanınması və qərar qəbuletmənin hər bir səviyyəsində gənclərin səsinə səs verilməsi üçün bu yeni Qlobal Gündəliyin uğur qazanması gənclərlə bütün maraqlı tərəflər arasındakı güclü tərəfdaşlıqdan çox asılı olacaq. Ümumiyyətlə, gənc insanlar inkişafın təkanverici qüvvələridir. Dayanıqlı inkişafın reallaşmasından söhbət gedirsə, onda gənclərin biliyi, zəngin və innovativ həll yolları bu işdə olduqca mühüm əhəmiyyət kəsb edir.

Gənclərlə olan fəaliyyətimizdə isə BMTİP və Azərbaycan hökuməti DİM-lərin həyata keçirilməsində könüllülük və könüllülərin gücündən maksimum dərəcədə yararlanmağa çalışır. Könüllülük, özünün bütün formalarında, DİM-lərə nail olunmasında və heç kəsin yaddan çıxmamasında çox zəruri bir amildir və bunun necə işə yaradığını göstərən ən yaxşı nümunə də sizsiniz!

Bu gün biz DİM-lər üzrə Gənclərin Yay Məktəbini açırıq və ümidvarıq ki, bu sizin üçün həddən ziyadə maraqlı və unudulmaz bir təcrübə olacaq! Bu gün siz siyasətçi libasına bürünəcək və BMT-nin həqiqi diplomatları kimi çıxış edəcəksiniz. Növbəti üç gün ərzində Yay Məktəbinin proqramı sayəsində siz inandırmaq, ünsiyyət qurmaq, qərar qəbul etmək və eyni zamanda qəbul etdiyiniz qərarların məsuliyyətini daşımaq kimi mühüm bacarıqları təkmilləşdirməyi öyrəcənəcəksiniz. Bu çətin, lakin şərəfli tapşırıqda sizin hər birinizə uğurlar arzu edirəm.

Uğurlar, əziz nümayəndələr!

UĞURLAR, GƏNCLƏR!

ÇOX SAĞ OLUN!