Bakı, 01 iyun 2021-ci il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə təhsil mərkəzləri üçün “açıq qapı” günlərinin keçirilməsinə davam edir.
“Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına dəstək olmaqdır.
Budəfəki tədbir Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Mərkəz, Cəlilabad şəhərindən yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər və özəl sektor nümayəndələri üçün qapılarını açıq elan edib. Tədbir çərçivəsində, peşə təhsil mərkəzi (PTM) iştirakçı qruplar üçün pandemiya qaydalarına əməl edərək tur təşkil edib.
Ziyarətçilər Cəlilabad PTM-in bir sıra tədris məkanlarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olub, həmçinin qəbul qaydaları barədə ətraflı məlumat alıblar. Bununla yanaşı iştirakçılar, peşə təhsil mərkəzinin uğurlu məzunları ilə tanış olmaq, ustad dərslərə qoşulmaq və müvafiq karyera perspektivləri haqqında müzakirə etmək imkanı əldə ediblər.
Qeyd edilən tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihə, səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd, peşə təhsil müəssisələrinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməkdir.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu
Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.