“Kollektivdə bacarıqlar və maraqlar baxımından müxtəliflik keyfiyyətə hər zaman müsbət təsir göstərir...”və yaHər birimizin bacardıqlarımız və bacarmadıqlarımız var. Bunu əlilliyi olan şəxslərə də şamil etmək olar. |
Əlilliyi olan şəxslərin işə götürülməsi ilə biz işdə çətinliklərə fərqli tərəfdən baxa bilən, müxtəlif bacarıqları olan və tutduğu vəzifədə uzun müddət işləməyə həvəsi olan işçilər qazandıq. Fərqli ehtiyacları və bacarıqları olan şəxslərin birgə işlədiyi iş mühitindən hamı faydalanır, çünki bu zaman hamı iş mühitinin hər kəs üçün daha müəssər və inklüziv olması üçün yollar axtarır. Əlilliyi olmayan şəxslər vərdiş amilinə görə bəzi məqamları gözdən qaçıra bilərlər, birlikdə isə bu məqamları görmək, aydınlaşdırmaq və uyğunlaşdırmaq asan olur. Ümumiyyətlə, kollektivdə, xüsusilə xidmət sektorunda bacarıqlar, ehtiyaclar və maraqlar baxımından müxtəliflik işin keyfiyyətinə hər zaman müsbət təsir göstərir. Əlilliyi olan şəxslər barədə düşündükdə, təəssüf ki, mövcud stereotiplər bəzən bizi şəxsin bacarmadıqları barədə daha çox düşünməyə vadar edir. Həmin şəxslərlə işlədikdən sonra isə, əlilliyə olan yanaşma tamamilə dəyişir. Bizim hamımızın bacardıqlarımız və bacarmadıqlarımız var, bunu əlilliyi olan şəxslərə da şamil etmək olar. Əsas odur ki, hər kəs öz maraqlarına və bacarıqlarına uyğun işlərə yönləndirilsin. İşi digərlərindən nisbətən fərqli həyata keçirən şəxslərin işə götürülməsindən çəkinməməliyik. Əlilliyi olan şəxslər işə və çətinliklərə fərqli yanaşır, iş mühitinə yeni baxış, yeni keyfiyyət, yeni dəyərlər gətirirlər. İnsan resursları departamenti, “Fairmont” oteli |
“İşimdə əlilliyimi tamamilə unuduram. Heç kim əlilliyimə görə məni fərqləndirmir. Mənə verilən kiçik təcrübə imkanı həyatımın dönüş nöqtəsi oldu...”
(Murad Babayev, 22 yaş)
“22 yaşım var, əlilliyimlə bağlı uşaqlıqdan çox çətinlik çəkirdim, əsasən evdə otururdum, özümə qapanmışdım. Nə vaxtsa əlilliyimi unudub, normal həyat yaşayacağıma inanmırdım” – Murad B.
Murad 2018-ci ildə Məşğulluq İdarəsi tərəfindən BP şirkətinin maliyyə dəstəyi ilə British Council və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən icra edilən əlilliyi olan şəxslər üçün təhsil layihəsinə yönləndirilib. Layihə çərçivəsində “Fairmont” otelində təcrübə keçən beş nəfər əlilliyi olan şəxsdən biri kimi proqramın sonunda həmin oteldən iş təklifi alıb.
“İki ay müddətində təcrübə proqramı çərçivəsində çamaşırxanada çalışdım. Bu qısa müddətdə işin bütün incəliklərini həvəslə öyrəndim. Proqramın sonunda səliqəmi və çalışqanlığımı bəyəndilər və mənə iş təklif etdilər. Yaxşı işlədiyim üçün mən ayın ulduzu, daha sonra isə ilin ulduzu mükafatını əldə etdim.” – Murad B.
“Bizim şöbədə gündəlik görülən işin çox mühüm hissəsi Muradın üzərinə düşür. İki aylıq iş təcrübəsi zamanı və daha sonra işlədiyi müddətdə də onun öz işini məsuliyyətlə, həvəslə və dəqiqliklə yerinə yetirməsi bütün komandanın işinin keyfiyyətinə çox müsbət təsir göstərib. Murad həm də şəxsi keyfiyyətlərinə görə də şöbəmizin ən sevimli işçilərindən biridir.” – şöbə rəhbəri, “Fairmont” oteli
Səmimiyyət, mehribanlıq və çalışqanlıq turizm və qonaqpərvərlik sektorunda işləmək üçün tələb olunan üç əsas xüsusiyyətlərdir. Murad yaradılan təcrübə imkanından bu xüsusiyyətlərə sahib olan bir şəxs kimi çox uğurla faydalandı və qısa müddətdə “Fairmont” otelinin bütün işçi heyətinin ən sevimli işçilərindən birinə çevrildi.
“İş üzrə təcrübə və ya istənilən bir iş imkanı bir çox əlilliyi olan şəxslər üçün bu gün əlçatmaz görünür. Ancaq kiçik bir fürsət mənim timsalımda gördüyünüz kimi, bir gəncin həyatını tamamilə fərqli yöndə dəyişə bilər. Özümü çox xoşbəxt hiss edirəm. İşimdə əlilliyimi tamamilə unuduram. Heç kim əlilliyimə görə məni fərqləndirmir. Arzuladığım iş mühitində və gözəl kollektivdə işləyirəm. Mənə verilən kiçik təcrübə imkanı həyatımın dönüş nöqtəsi oldu.” – Murad B.
Növbəti hekayələr üçün bizi izləməyə davam edin.
***
Bu hekayə Azərbaycanın Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlanmışdır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir və BMTİP və UNFPA-nın Azərbaycandakı Nümayəndəlikləri tərəfindən icra olunur.