Öyrənmək zaman və sərhəd tanımır: Bakıda yerləşən İnklüziv İncəsənət Məktəbi daha bir əlilliyi olan şəxsə yeni bacarığa yiyələnmək imkanı yaradır

3 August 2021

Photo: UNDP Azerbaijan / Mammad Aliyev

Aygün Cəfərova Azərbaycanda mərkəzi sinir sisteminin iflici diaqnozu qoyulan əksər uşaqlar kimi təhsilini evdə alıb.

Həyatı boyu öyrənməyə həvəsli bir tələbə olan Aygünün uşaq ikən sevimli fənləri ədəbiyyat və fizika olub. Sonralar isə o, idmana daha çox maraq göstərmiş və Boççe oyunçusu kimi təlimlərə başlamışdır. (Boççe ilk olaraq iflic keçirən insanlar və ağır əlillikləri olan digər idmançılar üçün nəzərdə tutulan, toplardan istifadə edərək oynanan bir idman növüdür) Göstərdiyi səylər və qazandığı bacarıqlar ona 2005-ci ildə milli Boççe yarışında medallar qazandırmışdır.

Sonrakı altı ilini isə Aygün daha bir məqsədinə həsr edir. O, naxış işləmə sənətinə yiyələnmək üçün çalışır. Lakin səhhəti ilə bağlı yaranan problemlər ona bu kursu bitirməyə mane olur.

Beləliklə də, rəfiqəsi Aygünə Bakıda yeni açılan İnklüziv İncəsənət Məktəbi haqqında danışdıqda, o, çox düşünmədən toxuculuq kursuna yazılır.

“Mən Formula 1 yarışlarında könüllü qismində çalışmışam” – Aygün deyir – “indi isə mən İnklüziv İncəsənət Məktəbinin tələbəsiyəm. Bu nümunələr əlilliyi olan insanların cəmiyyət tərəfindən necə daha çox qəbul edildiyini göstərir. Əvvəllər insanlar bizi küçədə görəndə, barmaqla göstərərdilər. Mən xoşbəxtəm ki, bu, dəyişir”.

İnklüziv İncəsənət Məktəbi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılmışdır. Bu layihənin məqsədi əlilliyi olan insanlara qarşı baxışları və yanaşmaları dəyişməkdən və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdən ibarətdir.

İnklüziv İncəsənət Məktəbinin koordinatoru Əsli Zeynalabdinova Məktəbin icmasının formalaşmasında verdiyi töhfəyə görə Aygünü tərifləyərək, deyir:

“Aygün öyrənmək və ünsiyyət qurmaq üçün enerji və həvəslə doludur!” – o, qeyd edir. “O, məhz öz təbiətinə görə tam dürüst və ədalətli olan nadir insanlardan biridir. Onun kiçik motorikası güclü olmasa da, çoxlu sayda mürəkkəb toxuma üsullarını və dekorativ bəzəmə işini çox tez mənimsəmişdir. O, bizim Məktəbdə yaratdığımız birliyin həqiqi ulduzudur!”

***

İnklüziv İncəsənət Məktəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən və BMTİP və UNFPA-nın Azərbaycandakı Nümayəndəlikləri tərəfindən həyata keçirilən daha geniş “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılmışdır. Layihə Azərbaycanın Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim olunmuşdur.

***

Bu layihənin məqsədi, inklüziv təhsilin və məşğulluq imkanlarının olmaması səbəbindən hələ də çətinliklərlə üzləşən əlilliyi olan insanlar üçün maneələri azaltmağa, habelə əlilliyi olan insanlarda özünəinam, özünə-məşğulluq və iqtisadi baxımdan müstəqilliyi aşılamaqla cəmiyyətdə əlilliyə qarşı sosial stiqma hallarını aradan qaldırmağa kömək etməkdən ibarətdir. Layihənin benefisiarları öz nümunələri ilə və qarşılıqlı təcrübələr vasitəsilə digər əlilliyi olan və olmayan insanları ruhlandırırlar. Bu davamlı proses öz növbəsində dünyanı heç kimin geridə qalmadığı daha yaxşı məkana çevirən daha böyük sosial dəyişikliyə yol açır.