Sumqayıt, 28 yanvar 2022-ci il – Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Sumqayıtda yeni Qadın Resurs Mərkəzinin açılışını edib. Mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək.
“Qadın Resurs Mərkəzləri qadınların iqtisadi imkanlardan yararlanması, sahibkarlıq fəaliyyətinə yönəlməsi və özünüinkişafa böyük töhfə verir. Biz qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik,” deyə AQUPDK-nın sədri Bahar Muradova qeyd edib.
USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə "USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verməkdən qürur duyur. BMTİP və Dövlət Komitəsindəki tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım əldə etmək məqsədilə müraciət edə biləcəkləri təhlükəsiz məkanın olduğunu bilməkdən çox məmnunuq."
“AQUPDK-nın və USAID-in əvəzsiz dəstəyi ilə biz Azərbaycan qadınlarının görüşə, dəstək ala və peşəkar şəkildə inkişaf edə biləcəyi daha bir təhlükəsiz məkanın yaradılmasına kömək etdik. Qadınlara və qızlara sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirir. Qadınların səlahiyyətləndirilməsinin inkişaf səylərinin mərkəzində saxlanılması həm də insanlar və planetimiz üçün 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirilməsi üçün ən yaxşı yollardan biridir,” BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist deyib.
Sumqayıtda yerləşən Qadın Resurs Mərkəzi şəhər ərazisində qurulan ilk, USAID-in 2016-cı ildən bəri maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində açılan dördüncü Mərkəzdir. Beləcə, USAID və BMTİP-nin daha öncə Masallı, Zaqatala və Xaçmazda açdığı Mərkəzlər sırasına Sumqayıt da daxil olub.
2011-ci ildən bu yana USAID də daxil olmaqla, bir sıra beynəlxalq donorun maliyyə dəstəyi ilə Dövlət Komitəsi və BMTİP tərəfindən Azərbaycanın müxtəlif bölgələrində 14 QRM yaradılmışdır. Ötən 11 il ərzində bu Mərkəzlər qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynamışdır. Bugünədək 6200-dən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 400-dən çox biznes qurulub.
2020-ci ildən bəri USAID-in maliyyə dəstəyi ilə bu Mərkəzlərdən doqquzu gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.