Bakı, 25 yanvar 2021 – BMT-nin İnkişaf Proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) texniki dəstəyi ilə STEM (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahəsi üzrə təhsil alan və karyera qurmağa hazırlaşan qadınlar üçün yeni mentorluq proqramını elan edir.
“Qadınlar STEM-də” kampaniyası çərçivəsində yaradılan proqramın əsas məqsədi STEM sahəsində çalışan gənc peşəkar və ya tələbə olan xanımları faydalı alətlər və məsləhətlərlə təmin etməkdir.
Mentorluq proqramına STEM sahəsi üzrə təhsil alan (bakalavr və magistr), gənc mütəxəssislər və STEM sahəsində startup qurmağa hazırlaşan xanımlar müraciət edə bilər. Mentorlar isə bu sahədə 5 ildən çox təcrübəsi olan peşəkarlar, startup təsisçiləri və elmi fəaliyyəti olan şəxslər arasından seçilir.
Sözügedən proqrama həm yerli, həm də beynəlxalq mentorlar cəlb olunacağı üçün, iştirakçıların ingilis dilini bilməsi arzuolunandır.
Proqramın müddəti 9 aydır və iştirak ödənişsizdir.
Mentorluq etmək istəyən peşəkarlar və ya mentorluq proqramından faydalanmaq istəyən gənc xanımlar CV-lərini və motivasiya məktublarını (maksimum 500 söz) leyla.seyidzade@undp.org email ünvanına göndərə bilərlər.
Əlaqə üçün məlumat:
Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.
Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.