Biznes sektorunun dayanıqlı inkişaf proseslərini transformasiya etmək potensialı təşviq edilməkdədir
Bakı, 15 may 2019-cu il – Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq dövlət və kommersiya sektorları arasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında özəl şirkətlərin roluna həsr olunmuş dialoqa start verilərək 100 nəfərdən artıq iştirakçını bir araya gətirən tədbir keçirilib.
Dialoqa start verməklə, Azərbaycan yoxsulluğun azaldılması, yaşıl iqtisadiyyatın yaradılması və gender bərabərliyinin gücləndirilməsi kimi mühüm inkişaf məsələlərinin həllində ölkənin nüfuzlu biznes icmasının hökumətlə birgə çalışması istiqamətində strateji kurs götürdüyünü bəyan etdi.
Tədbiri giriş sözü ilə açan Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən irəli gələn məqsədlərə nail olunması istiqamətində aparılan işlərə biznes qurumlarının cəlb olunması, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına əsasən, DİM-lərin həyata keçirilməsi özəl sektor üçün unikal bir biznes imkanı yaradır. Kommersiya təşkilatları Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən irəli gələn vəzifə və öhdəliklərin icra edilməsi üçün böyük sərmayə qoyaraq həm maddi mənfəət əldə edə biləcəklər, həm də sosial məsələlərin həllinə yetərincə təsir edə biləcəklər. Özəl sektor DİM-lərin həyata keçirilməsində, xüsusilə də, dünya miqyasında məşğulluq imkanlarının artması, ictimai və ətraf mühit problemlərinin innovativ həlli yollarının irəli sürülməsi və geniş miqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsi baxımından ayrılmaz bir tərəfdaşıdır. Hesablamalara görə, dünyanın inkişaf etməkdə olan əksər ölkəsində ümumi daxili məhsulun təxminən 60 faizi biznes şirkətlərinin payına düşür, eyni zamanda iş yerlərinin 90 faizini və kapital axınının 80 faizini də biznes sektorunda həyata keçirilən fəaliyyətlər təşkil edir.
Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakassetti bildirdi ki, “Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməklə, dünya iqtisadiyyatının dörd əsas sektorları - ərzaq və kənd təsərrüfatı, şəhərlər və şəhərsalma, enerji sektoru, səhiyyə və sağlamlıq sektorları biznes üçün əhəmiyyətli bazar imkanlarını açır.”
Azərbaycanda bu sahələrin hər biri cəmiyyətin həssas təbəqələrinin həyatını dəyişdirmək və həm böyük, həm orta və kiçik müəssisələrin gəlirlərini genişləndirmək imkanlarını artırmaq, bununla yanaşı ictimai təsir yaratmaq üçün böyük potensiala malikdir. Qlobal səviyyədə, bu dörd sahə dünya iqtisadiyyatının 60 faizini təşkil edir və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində hər birinin əvəzedilməz rolu var.
Cənab Frakassetti Hökumətin DİM-lərin həyata keçirilməsi öhdəliyini özəl sektorun potensialı, innovasiya və kapitala yönəlmiş fəaliyyətləri ilə birləşdirərək ikisinin arasında körpü yaradılmasının vacibliyini vurğuladı. Onun sözlərinə görə, "BMTİP, bu sahədə dövlət və özəl sektor arasında birgə təşəbbüsləri dəstəkləməyə davam edəcəkdir ki, bu da Azərbaycanda inklüziv inkişaf, bərpa olunan enerji, dövlət xidmətləri sektorunun təkmilləşdirilməsi, gənclər və gender kimi mühüm sahələrdə inkişafın sürətləndirilməsinə kömək edəcək".
Tədbir daha sonra panel müzakirələrlə davam edib. Burada DİM-lərə nail olmaq üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, bu sahədə sahibkarlığın töhfəsi barədə müxtəlif biznes qurumlarının nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb.
Azərbaycanda keçirilən ilk dövlət-özəl sektor dialoqu gələcəkdə işçi qruplarını texniki görüşləri ilə davam edəcək. Tədbirin məntiqi davamı olaraq, yaxın gələcəkdə Azərbaycanda ilk dəfə dövlət və özəl sektor arasında DİM-lər üzrə əməkdaşlığa dair fəaliyyət planı və ya yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
***
Əlavə məlumat üçün BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlayın - arzu.jafarli@undp.org